Ölkədə mövcud olan böhran bütövlükdə dövlət
sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir. Elə bir
ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən
doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir. Vəziyyətin
belə davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək, hansı yeni siyasi nəticələr
doğuracaq? Toplumu vahid hədəfə kim və necə səfərbər edə bilər? Təbii ki bu
sualların hamısını bir yazı ilə ətraflı cavablandırmaq çətin olsa da qısaca
ümumi durumu analiz etməyə çalışacağıq. Növbəti yazılarımızda məsələlərin daha
dərin təhlilinə cəhd edəcəyik.
Durumu bu həddə çatdıran
səbəblərə qısa nəzər salaq
İqtidar
toplum üzərində anti-demokratik siyasətini sistemli və ardıcıl həyata keçirməyə
nail ola bilib. Bu siyasətin uğurla həyata keçirilməsində onların ən böyük müttəfiqi
demokratik vərdişlərə yiyələnməyən, öz hüquq və azadlıqlarına etinasız yanaşan,
siyasi təfəkkürdən yoxsul olan, asan varlanmaq və işini həll etmək üçün rüşvətxorlarla
ortaqlıq edən toplum olub. İqtidar toplumun bu "məmnun halı”ndan maksimum
yararlanaraq dövlətin resursları ilə hakimiyyətini gücləndirməkdə ciddi fürsət
kimi yararlandı. İlk növbədə toplumun iqtidara alternativ kimi qəbul edə biləcəyi
siyasi institutlar zəiflədildi və təməl hüquqların qorunduğu qanunvericiliyin
bütün pillələrində mürtəce tənzimlənmə aparıldı. Ardınca azad medianın
boğulması, sərbəst toplaşma və birləşmə azadlıqlarının faktiki yox edilməsi, vətəndaş
cəmiyyətinin əsas sütunu olan müstəqil QHT-lərin sıradan çıxarılması, vətəndaşların
və ictimai-siyasi qurumların özünüifadə müstəvisinin daraldılması mərhələsi
aparıldı. Toplum isə bütün bu baş verənlərə tamaşa etməkdən sanki məmnun
görünürdü. Ölkənin gələcəyi ilə bağlı narahatlıqları ifadə edənlərə dəstək vermək
əvəzinə bu fəlakəti gətirənlərə öz seyriçiliyi ilə dəstək verdi. İqtidarın bu
"uğuru”nun təhlükəli nəticələri indi artıq özünü daha açıq biruzə verməkdədir
və hər kəs öz üzərində təhlükəni hiss edir. Yetkin xalq özü seçmədiyi hökumətin
heç bir vədinə inanmamalı olduğu halda bizdə əksi baş verdi. Bu gün xalqımızın
yaşadığı maddi və mənəvi problemlərin tamamı bu məntiqsiz yanaşmadan
qaynaqlanır. Demokratik idarəetməyə can atmayan, təşkilatlanmış siyasi qrumlara
dəstək verməyən toplum mənəvi və maddi çətinliklərdən, hakimiyyətin təyziqlərindən
qurtula bilməz.
Böhranın davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək
Dağınıq və
kortəbii etirazların yeni müstəviyə keçməməsinin səbəbləri aydındır. Bu, hökumətin
daxili qoşunları tam döyüş hazırlığı ilə dinc insanların üzərinə yeritməsi və
bütün zorakı vasitələrlə etirazları yatırması, kiçik də olsa güzəştlər etməsi və
proseslərlə bağlı alternativ qüvvələrdən təşəbbüslərin olmaması hesabına müvəqqəti
mümkün olub.
Qeyd
etdiyimiz kimi, bu hal müvəqqəti olmaqla yanaşı, həm də yeni hazırlıq mərhələsinə
keçiddir. Bizim üçün də maraqlıdır ki, ölkədə ictimai-siyasi müzakirələrə
münbit şərait yaradan bu ərəfəni alternativ qüvvələr ciddi dəyərləndirməyi
bacaracaqlarmı?
Müxalifət
haqlı olaraq toplumun əhval-ruhiyyəsi və arzusu ilə deyil, öz strateji
planlaşdırması ilə hərəkət etməkdə qərarlı görünür. Toplum elə bir durumdadır
ki, ən kiçik güzəşt, parıltılı vədlər belə ona yanlış istiqamət verə bilir.
Odur ki, heç bir halda müxalifət toplumun arxasınca getməməli, onu öz məqsədlərinə
doğru çəkməyi bacarmalıdır.
Müşahidələrimizə
əsasən deyə bilərik ki, toplumun ən aciz və avtoritarizmin tamamilə ram etdiyi
hissəsi ənənəvi sükunət halını son anadək qoruyub saxlayacaq. Onlar da hökumət
üzvləri kimi əlləri qoynunda neftin qiymətinin yenidən yüksələcəyini gözləyəcəklər.
Hakimiyyətin
siyasətini dəstəkləyib ondan bəhrələnənlər də müəyyən istisnalarla hökumətə
qarşı etirazlara meyl etməyəcəklər. Mövsümi atəşfəşanlıqları, gül bayramlarını,
idman yarışlarını şövqlə izləyib, hüquqsuzluq şəraitində xoşbəxt yaşamağın
nümunəsini yaradanlar da toplumun etirazlarına qoşulmayacaq. Ümumiyyətlə,
toplumun bu kəsimi adətən müstəqil ictimai-siyasi təşəbbüsləri dərk etməyə çətinlik
çəkir.
Toplumun
nisbətən fəal, savadlı və anlaqlı kəsimi bu idarəetmənin davam etməməsi üçün
yeni təşəbbüslərə və dəyişikliklərə mütləq dəstək verəcək. Hətta müxalifətin ətrafında
təşkilatlanmaya meyllər də yüksələcək. İndiyədək baş tutmuş etirazlarda iştirak
edən insanlar anlayır ki böyük hərbiləşmiş nizamı qüvvələrin qarşısında kortəbii
etirazlarla bundan artıq müqavimət göstərə bilməyəcəklər. Problemlər isə
günü-gündən artır, yaşamaq çətinləşir,
ailədaxili və cəmiyyətiçi münasibətlər kəskinləşir. Bəs nə etməli ki, vəziyyətdən
çıxmaq mümkün olsun? Bu suala etiraz potensialı olan insanlar arasında hələlik
vahid cavab yoxdur. Amma tezliklə bu sualların aydın cavabını toplumun sağlam kəsimi
ortaya qoyacaq.
İqtidar
proseslərin normal demokratik müstəvidə davam etməsində qətiyyən maraqlı
görünmür. Bütün plan və isterik hazırlıqlar onun üzərində quqrulub ki toplumu
qeyri-stabil durumla şantaj edib, siyasi təşəbbüsləri və tələbləri dəstəkləməkdən
çəkindirsin. Bu təbliğatın təsiri altında müxalifəti də, toplumun fəal kəsimini
də asanlıqla boğa bilsin. İqtidarın xarakterini, davranışlarını, yanaşmalarını
illərlə müşahidə edən şəxslər durumun çox mürəkkəb olduğunun fərqindədir. Həm
iqtidardaxili problemlər, həm cəmiyyətdaxili sosial-ictimai gərginliklər, həm də
regional və beynəlxalq durum çox qarışıqdır. Anlaşılan budur ki, hökumət gələcək
sosial-siyasi təlatümləri önləmək üçün yalnız güc üzərindən hazırlıq aparır. Təəssüf
ki, bu gün "cəhənnəmə” çevrilən ərəb coğrafiyasındakı rejimlər də cəmiyyətdaxili
münasibətlərin yalnız güc müstəvisində həllini təsəvvür edirdi. Dinc siyasi tənzimləmələri
qəbul etməyən rejimlər başqa alternativ tətbiq edə bilmir. Belə bir şəraitdə
topluma elə istiqamət verilməlidir ki, çoxluğun onu qəbul etməsi çətin olmasın
və bu istiqamətdə təşəbbüslərə qoşulsun.
Bəs topluma bu mesajları kim
verməlidir?
İlk
baxışda toplumun lokomotivi olan ictimai-siyasi institutlar yada düşür. Dövlət
və toplum adına bütün hallarda bunun alternativi yoxdur. Müəyyən təcrübələrə
istinad etsək, nə beynəlxalq dairələrin, nə də dini qrupların mesajları toplumu
arzu olunan demokratik hədəflərə aparıb. Odur ki, bu mesajların daxili
auditoriyadan alınması ən effektli nəticə yarada bilər. Bunları səthi ümumiləşdirsək
təxmini belə bir siyahı müəyyən edə bilərik. İqtidar, müxalifət, vətəndaş cəmiyyəti,
ziyalılar və xalqın hansısa nümayəndələri.
İqtidar təmsilçiləri
mütəmadi olaraq topluma yönəlik çıxışlarında ardıcıl və sistemli etimad zədələnməsi
ilə yadda qalıb. Hökumətdə elə bir səlahiyyətli şəxs qalmayıb ki, onun dediklərinə
toplumu inandırmaq mümkün olsun. Xüsusilə də manatın aqibəti ilə bağlı, sürətli
iqtisadi inkişaf tendensiyası, yeni iş yerlərinin açılması, sahibkarlara hərtərəfli
yardım göstərilməsi adlı bütün bəyanatlar real həyatda əks nəticə doğurub. Həmçinin
böhranın acınacaqlı səbəbləri iqtisadi amillərdən çox, siyasi-idarəetmə
qüsurlarından qaynaqlandığını da toplum anlamaqdadır. Bütün bunlardan sonra
hansı ağlı başında olan insanı inandırmaq olar ki, hökumət sənə doğru yol göstərir.
Düşdüyün ağır durumdan çıxmaq üçün mütləq onun təklif etdiyi yolu getmək
lazımdır. Hələ də iqtidarın real duruma baxışı qeyri-müəyyəndir. Gah böhran
etiraf olunur və ondan çıxış yolları istiqamətində kosmetik addımlar atılır,
gah da ümumiyyətlə böhran olduğu qəbul edilmir. Hökumət üzvləri əlləri qoyunlarında
gözlərini dikiblər neft birjalarına ki bəlkə neft bahalaşdı və idarəetməyə beləcə
davam etmək mümkün oldu. Bir qədər sərt səslənsə də, müşahidələr göstərir ki
iqtidarın topluma verdiyi bütün mesajlar istehza ilə qarşılanır.
Müxalifət
adına iddia edənlərin sayı çox olsa da, onlardan yalnız bir neçəsi ictimai rəyə
və toplumun müəyyən siyasi aktiv hissəsinə təsir etmək imkanına malikdir.
Müxalifətin fəaliyyəti elə həddə kimi məhdudlaşdırılıb ki, nəinki sadə əhali, hətta
öz üzvləri ilə də təmaslara imkanı yoxdur. Çoxsaylı üzvləri həbs edilən, fəaliyyət
müstəvisi əsasən əlindən alınan müxalifəti hansısa zəruri mesajları canlı
olaraq topluma çatdırmamaqda qınamaq indiki halda çox yersizdir. Müşahidələr
göstərir ki, toplumun müəyyən fəal kəsimi çətinliklə olsa da müxalifətin
mesajlarını ala bilir. Bu mesajlar sadə insanların müxalifətə etibarını və rəğbətini
qazandırsa da, hələ ki hərəkətə gətirməyə yetərli deyil. Müxalifət əhaliyə
geniş çatım imkanı əldə edərsə, heç şübhəsiz ki toplumun fəal hissəsini istiqamətləndirməsi
mümkün ola bilər.
Vətəndaş cəmiyyətinin
də ölkəmizdə tam təşəkkül tapmasına iqtidar imkan verməyib. Toplumla ən yaxşı
xarakterik iş metodları olan bu ictimai institut da ciddi basqılara məruz
qalib. Az-çox fəaliyyət imkanları və resursları olan müstəqil QHT-lər
hüquq-mühafizə orqanları tərəfindən qapadılıb, vətəndaş cəmiyyətinin bir neçə fəal
nümayəndəsi həbs olunub, mühacirət edib və ya nəzarət altındadır. Bu
platformada toplumun etibar edəcəyi nüfuzlu, işgüzar, savadlı, peşəkar şəxslər olsa
da, dağınıq halda hansısa təsir imkanlarına malik deyillər. Müşahidələr göstərir
ki mövcud strukturlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti topluma zəruri
mesajlar ötürə bilsə də hələlik onu istiqamətləndirmək gücündə və iddiasında
deyil.
Ziyalı adlandırılan
kəsimə toplumun münasibəti heç də birmənalı deyil. Çox az sayda öz ləyaqətini,
vicdanını qoruyub saxlayan ziyalımız qalıb. Onlar da ictimai-siyasi təşəbbüslərdə
bir o qədər də həvəsli görünmürlər. Təəssüf ki, ümumi baxdıqda ziyalı adı son
illər ən çox istismar edilmiş və nüfuzdan salınmış kateqoriyadır. Bu adın
zirehi altında yaltaqlıq, riyakarlıq, rüşvətxorluq, korrupsiya, qanunsuzluqlar,
seçki saxtakarlıqları o qədər geniş meydan sulayıb ki hansısa cəlbediciliyi
qalmayıb. Toplumun ziyalı sözünə möhtac olduğu bütün dönəmlərdə bu
"missiya” nın daşıyıcıları susmağa üstünlük verib. Xalqın fəal kəsiminin
bu istiqamətdən hansısa mənəvi nicat gözləməsi inandırıcı deyil. Müşahidələr
göstərir ki, vitrində olan ziyalılarla toplumu hansısa hədəfə istiqamətləndirmək mümkün olmayacaq.
Xalqın
nüfuzlu nümayəndələri anlayışı da ölkəmizdə öz dəyərini itirib. Ümumiyyətlə belə
fərdlər və icmalar uzun müddətdir ki, mövcud deyil. Hətta belə bir kəsim mövcud
olsaydı belə, o da ciddi təsir gücünə sahib ola bilməzdi. Çünki mövcud ictimai
münasibətlərdə belə bir institutun sosial təsir dairəsi yoxdur.
Deməli
böhranın səbəbləri, aradan qaldırılması yolları və əhalinin necə davranması ilə
bağlı mesajları topluma qəbul etdirmək imkanı olan ən böyük sosial qrup hələ də
müxalifətdir. Təsadüfi deyil ki, iqtidar da öz davranışlarında müxalifətin bu
imkanlarına qarşı açıq və real addımlar atır. Müxtəlif vasitələrlə aparılan
monitorinqlər də təsdiq edir ki, topluma daha çox kimlər təsir edə bilir.
Toplumun növbəti hərəkətlərində bu təsirlər müsbət şəkildə təzahür edə biləcəkmi?
Topluma təsir resursları olan təşkilatların zəruri mesajları cəlbedicidirmi? Bu
sualların cavabı hələ ki müsbət deyil.
Nəsimi
Məmmədli 11 fevral 2016
https://www.meydan.tv/az/site/politics/11900/Yoxsulla%C5%9Fan-toplum-b%C3%B6hrandan-hans%C4%B1-%C3%A7%C4%B1x%C4%B1%C5%9F-yolunu-se%C3%A7%C9%99c%C9%99k.htm
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=6838
YanıtlaSilhttp://www.xural.com/?p=30546
YanıtlaSilhttp://muxalifet.az/yoxsullasan-toplum-bohrandan-hansi-cixis-yolunu-secck.html
YanıtlaSilhttp://gozetci.az/article/index/5349
YanıtlaSilhttp://arqument.az/az/yoxsullasan-toplum-bhrandan-hans-xs-yolunu-seecek-analiz/#.VsGOSPmLTIV
YanıtlaSilhttp://www.ps-nota.com/archives/2910
YanıtlaSil