Hüquqsuz yaşamağa
vərdiş edənlər koləliyin bir addımlığındadır.
Cəmiyyətiçi münasibətlərin taksonomiyası çox qədim tarixi köklərə,
ənənələrə bağlı olsa da, sosiologiyası həmişə müasir və maraqlı araşdırma
mövzusudur. Odur ki, hələ də sosiologiyanın hər iki ontoloji cərəyanı (obyektivizm
və konstruktionizm) tərəfindən bu sahədə çox maraqlı və əhatəli elmi
araşdırmalar aparılmaqdadır.
Çağdaş idarəetmə konyukturası müxtəlif olsa da, elmi texniki
tərəqqinin və innovativ resursların təsiri ilə müsbətə doğru çox sürətlə dəyişməkdədir.
Dünyanın mütərəqqi siyasi düşüncəsi insanların azadlığı, rifahı və
təhlükəsizliyi üzərində təşəkkül tapan idarəetməni mənimsəməkdədir. Bu
idarəetmə mexanizmi insanların düşüncə və hərəkətlərində, cəmiyyətdəki
institutlar üzərində hakimiyyətin təsirini azaltmaqla ciddi uğurlara imza atıb.
Müasir demokratik idarəetmənin insanların fərdi psixologiyasına,
yaradıcılığına, fəaliyyətinə, təşəbüskarlığına, hətta toplumun həmrəyliyinə və
sağlamlığına ciddi müsbət təsirləri tam sübut olunub. Nə qədər qəribə səslənsə
də sağlam, savadlı, ağıllı toplumun əsas immuniteti açıq, şəffaf və kollegial
idarəetmədir.
Avtoritarizm
azad düşüncənin qənimidir.
XX əsrin despotizmi adlanan və ictimai həyatın bütün sahələrini sərt
dövlət nəzarətinə tabe etdirən, totalitar idarəetməyə sadiq qalan rejimlər
təəssüf ki, hələ də mövcuddur. Tarixin təkərlərini saxlamağa uğursuz cəhd edən belə
liderlər, diktatorlar bu köhnəlmiş idarəetmə ideologiyasının altında bir-bir əzilib
məhv olmaqdadır. Lakin, bütün pis nümunələrə baxmayaraq iqtisadiyyat, silahlı
qüvvələr, media,
məhkəmə və parlament üzərində vahid nəzarəti saxlamaq, habelə cəmiyyəti
kütləvi represiyalarla boğmaq ənənəsindən imtina etmirlər. Belə rejimlər
vətəndaşlarda özünə qarşı sadəcə itaət yox, həm də toplumda hakimiyyətə
pərəstiş, insan hüquqlarına hörmətsizlik və qarşıya çıxan sosial-ictimai məsələləri
sadəlövhcəsinə anlamaq psixologiyası formalaşdırır.
İnsanaların uzun müddət avtoritar idarəçilkidə yaşaması onların önündə
hündür divar, sədd yaradan təfəkkür stili formalaşdırır. Əksəriyyət bu divarın
əks tərəfini nə görə bilir, nə də görməyə təşəbbüs göstərir. Ölkənin düşdüyü ağır
durumda heç kəs özünü suçlu bilmir. Nə belə vəziyyətin yaranmasında, nə də
düzəldilməsində öz rolunu təsəvvür edir. Düşünür ki, o evdar qadındır,
fəhlədir, işsizdir, təqaüdçüdür, müəllimdir, tələbədir, həkimdir, məmurdur və
s. Həmişə başını aşağı salıb öz işləri ilə məşğul olub, o günahsızdır,
tər-təmizdir, onun edə biləcəyi bir şey yoxdur. Yalnız siyasi iddiası ilə öndə
olan fəal şəxslərdən umur ki, mütləq onlar nə isə etməlidir. Açıq və gizli
qınaqlarının hədəfi də istisnasız olaraq kənardadır. Belə toplumu sabit
sosial-siyasi şəraitdə öz gücünə inandırmaq, məsuliyyətli vətəndaşa çevirmək
ictimai-siyasi institutlardan xeyli zaman və resurs tələb edir. Lakin, təcrübələr
göstərir ki, ənənəvi yaşam standartlarına təsir edən böhran toplumu sürətlə ictimai-siyasi
proseslərə sürükləyir və cəmiyyətiçi proseslərdə iştirakçıya çevirir. Qaşığı
əlindən alınmış toplumun sosial-iqtisadi çətinlikləri artdıqca öz qaşığını axtarması
və yemək tələb etməsi xeyli aktuallaşacaq. İnsanlar əllərini daşın altına qoymadıqları
sürəcə kimsə onların əvəzindən bunu etməyəcək. Bu, sınaqdan keçmiş bir
sosiologiyadır.
Avtoritar rejimlərin apardığı əzici siyasət ilk mərhələdə toplumun
birliyini ciddi şəkildə sarsıdır və onu iki hissəyə ayırır.
Birincisi, toplumda azlıq
təşkil etsə də cəsarətli, təşəbbüskar, hüquqsuzluqla barışmayan, prinsipial
vətəndaş olmaqla ardıcıl mübarizə aparmaq yolunu tutan, hakimiyyəti çəkinmədən tənqid
edən və davamlı olaraq rejimin təyziqləri ilə üzləşənlərdən ibarətdir.
İkincisi isə böyük
çoxluq təşkil etsə də rejimin siyasətinə etiraz etməyən, hüquqsuzluğa boyun
əyən, bəzən qorxaqlıq, acizlik, tamahkarlıq, yaltaqlıq nümunələrinə əl
çalmaqla, belə halları qınamamaqla, üzərinə düşən vəzifəyə məsuliyyətsiz
yanaşmaqla pisliklərə fürsət verib və ölkənin acınacaqlı duruma düşməsində dolayısı
ilə vasitəçi olanlardır.
Avtoritar hakimiyyətlər azlıqda olan mütərəqqi hissəni ardıcıl olaraq
əzməklə uzun müddət iqtidarlarını sürdürmək arzusunda olsalar da, çağdaş
dünyada bu siyasətin perspektivi qalmayıb.
O da həqiqətdir ki, beynəlxalq təcridlə uzun müddət davam edən
avtoritarizm toplumu ram etməyə, ictimai-siyasi institutları tamamilə məhv
etməyə nail ola bilir. Son illər dağıdıcı inqilablarla sona çatan rejimlər
hamısı bu “qələbəni” qazanmış və öz xalqını kölə etmək yolunun yolçuları idi.
Avtoritarizmin ram etdiyi
xalqlar sahibsiz qala bilmir.
Sosioloji tədqiqatlar göstərir ki, avtoritar idarəçilik xalqı
tədricən “uşağa” çevirir. Uşaqlarda olan xüsusiyyətlərin əksəriyyəti xalqın davranış və yanaşmalarında özünü göstərir. Uşaq kimi tez sevinir və kədərlənir, bir anlıq qızışır və soyuyur, unutqandır, asanlıqla aldanır, küsür, məsuliyyətini dərk etmir, qorxaq olur, sığal-tumar umur, nə istədiyini dəqiq dərk etmir, ərköyünlük edir, əyləncəyə, şouya və parıltılara meyilli olur, düşünməyi beyninə yük etmək istəmir. İstəyir ki kimsə onu yedizdirib-içirtsin, qayğısına qalsın, qucağında gəzdirsin və hətta döyülməsi də qüruruna toxunmur.
Avtoritarizmdən əziyyət çəkən dünya xalqlarının bir çoxunda bu
sindrom müşahidə edilməkdədir. Belə duruma salınmış xalqa "sahib
çıxmaq", ədalətli tənqidlərdən "qorumaq" ənənəsinə son vermək, qucaqda
gəzdirmək iddiasından qəti şəkildə imtina etmək lazımdır. Ona təminatlı yaşayan
xalqların nümunəsini aşılamaq, aydın hədəflərə istiqamətləndirmək və qucağa
götürməmək zəruridir. “Uşaqlaşan xalq” qürurlu ola bilmir, özü yerimək,
işləmək, qazanmaq, döyüşmək, mübarizə etmək istəmir, rahat qucaq axtarır ki
otursun, sahib axtarır ki sığınsın.
Adətən bir çox siyasətçilər ictimai qınaqdan çəkinərək, özlərini “vətənpərvər”
göstərir, saxta millətçiliklə bəyan edirlər ki, xalqı heç bir məsələdə tənqid etmək
olmaz. Maraqlıdır, görəsən niyə? Bu hansı politoloji qanuna uyğunluqdur? Qətiyyətlə
deyə bilərik ki, bu, çox yersiz və əsassız “sahiblənmədir” Öz vəzifəsini icra
etməyən hər bir şüurlu tərəf tənqid olunmalıdır, o cümlədən də xalq. Əgər bir
ölkə acınacaqlı durumdadırsa, mütləq əsas günahkarlardan biri məhz xalqın
passiv çoxluğudur. Xalqların müəyyən tarixi nailiyyətlərə imza atması, nəhəng tarixi şəxsiyyətlərinin olması onları
arxayınlaşdırmamalıdır. Gecə-gündüz öz taleyinə sahib çıxmalı, ona xidmət edən idarəetmə
mexanizminin yaradılmasına dəstək olmalıdır.
Təəssüf ki son illər xalqımızın da davranışında çox qorxulu tendensiyalar,
laqeydlik, tənbəllik, çarəsizlik, acizlik müşahidə edilməkdədir. Əsasən ən
vacib ictimai-siyasi proseslərdə də xalqımız özünü tamaşaçı kimi görür. İqtidar
və müxalifət arasında gedən mübarizəyə kənardan baxmaqla özünü hakimiyyətin
mənbəyi olmaqdan təcrid edir. Proseslərdən kənarda dayanan sadə insanlar elə
bilirlər ki bununla özlərini qoruyurlar. Əslində isə ən sağalmaz yaranı özlərinə,
ailələrinə və övladlarına vururlar. Xalq qanunların imkan verdiyi formada mütləq
təşkilatlanmalı və hüquqlarının təminatına nail olmalıdır. Sosioloji
tədqiqatlar sübut edir ki, hüquqsuz yaşamağa vərdiş edən insanlar koləliyin bir
addımlığındadır. Kölə psixologiyasında olan insanlar nə zaman ayağa qalxsa
topluma ağır fəlakət gətirir. Gələcəyimizi fəlakətlərdən, faciələrdən qorumaq
üçün yubanmadan iqtidar topluma geniş siyasi azadlıqlar verməli, xalq isə
etimad göstərdiyi siyasi qurumların ətrafında təşkilatlanmalıdır.
Xural qəzeti: http://www.xural.com/?p=31740
YanıtlaSilMeydan TV: https://www.meydan.tv/az/site/politics/12218/H%C3%BCquqsuz-ya%C5%9Fama%C4%9Fa-v%C9%99rdi%C5%9F-ed%C9%99nl%C9%99r-kol%C9%99liyin-bir-add%C4%B1ml%C4%B1%C4%9F%C4%B1ndad%C4%B1r.htm
YanıtlaSilhttp://conflict.az/yazar/27030-huquqsuz-yashamaga-verdish-edenler-koleliyin-bir-addimligindadir.html
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=7278
YanıtlaSilbu link aşağıdakı kimi dəyişib.
Silhttp://gozetci.az/article/index/5384buy
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=7593
YanıtlaSil