Hakimiyyət bu etirazları ənənəvi addımları ilə önləyə biləcəkmi?
Ölkədə
mövcud olan hüquq pozmalardan, məmur özbaşınalığından, korrupsiya və rüşvətdən cana
doymuş insanların narazılığı xeyli müddətdir mövcud olsa da, indiyədək bu
hallara qarşı toplumun təşəbbüsü ilə hər hansı kütləvi etirazlar baş verməyib. Müxalifət
bu durumun gələcəkdə daha ağır təhlükələrə yol açacağını müxtəlif vasitələrlə topluma
çatdırmağa çalışsa da, xalqdan uyğun reaksiya və dəstək ala bilməyib. Yalnız müxalifət
fəallarının iştirakı ilə etiraz aksiyaları təşkil etməklə bu neqativ halların
ictimailəşməsinə cəhd göstərib. Geniş xalq kütlələri isə bu taleyüklü etirazlara
qoşulmaq əvəzinə, daha çox seyriçi olmağa üstünlük verib.
Ümumiyyətlə
toplumda uzun müddətdir belə bir yanlış düşüncə hakimdir ki ölkədə müxalifət
varsa zaman-zaman ictimai-siyasi və sosial problemlərin üzərinə onlar getməli,
həllinə nail olmalıdırlar. Demokratik fəaliyyət müstəvisi olmayan müxalifətin
bu vəzifəni uğurla sonuclandırmasının mümkünsüzlüyü hər kəsə bəlli olsa da,
bəzən müxalifətçilərin də əksəriyyəti bu düşüncədən imtina etmək istəmirdi. Bütün
çətinliklərə, mərhumiyyətlərə, sıralarından çoxsaylı həbslər verməsinə baxmayaraq
müxalifət bu missiyanı daşımaq iddiasından geri çəkilmir və toplumun siyasi
yükünü sona qədər çiyinlərində saxlamaqdan usanmırdı.
Sadə
insanlar isə öz üzərlərində birbaşa hiss edilməyən bütün sosial, siyasi və
milli problemlərə etinasız yanaşmaqla özlərini daha təhlükəsiz hiss edirdilər. Hətta
hökumətin və toplumun əksəriyyətinin “xor”undan ruhlanaraq etiraz aksiyalarını
qınayan, əlehinə açıq təbliğat aparanlar arasında özünü müalifət adlandıran
partiyalara da rast gəlmək olurdu. Müxalifət faktiki olaraq etirazların
təşkilatçısı kimi həm iqtidardan ağır zərbələr alır, həm də toplumun
laqeydliyindən və etinasızlığından siyasi-təşkilati zərər görürdü.
Artıq
indiyədək hökm sürən sosial-siyasi durum ciddi şəkildə dəyişməyə doğru gedir. Bu
günədək idarəetmədə üzləşdikləri haqsızlıqlara dözən insanların indi üzləşdikləri
durumda etiraz etməkdən başqa çarəsi qalmayıb. Hüquqsuzluq və ədalətsizliyin
üzərinə kütləvi işsizliyin, yoxsulluğun, bahaçılığın da əlavə olunması toplumda
ümidsizlik, tərəddüd və qəzəb yaradıb. Böhrandan özünü qorumaq üçün hökumət həm
atdığı addımlara, həm də toplumun marağı baxımından atmalı olduğu halda atmadığı
addımlara görə xalq arasında dayaqlarını sürətlə itirir. Nəinki müxalifət,
vətəndaş cəmiyyəti, müstəqil şəxslər və hətta iqtidarın aşağı və orta təbəqəsi də
hökumətin yanlış qərarlar qəbul etdiyini fəal müzakirə edir. Sanki xalq kiçik
qruplar şəklində kütləvi hipnozdan ayılır və nə baş verdiyini tədricən dərk
etməyə başlayıb.
Etirazların təşkilatçıları ilə bağlı versiyalar.
Bir-birinin
ardınca baş verməkdə olan etiraz aksiyaları toplumu yüngül də olsa
silkələməkdədir. Etirazların təşkili ilə bağlı müxtəlif versiyalar irəli
sürülür və müzakirələr aparılır. Bu ehtimalların hər birini ardıcıllıqla qeyd
edib, birlikdə analiz etməyə çalışaq:
1. Xarici faktorlar: Bu iddianın müəllifləri hesab edir ki
etirazların təşkilatçıları beynəlxalq güclərdir. Məqsəd dövləti zəiflətmək, ölkədə
xaos yaratmaq, hakimiyyəti fakt qarşısında qoymaqla öz maraqlarını
reallaşdırmaqdır.
2. İqtidardaxili qruplar: Bu fikirdə olanlar bildirir ki etirazları
oliqarx-məmurlar təşkil edir. Məqsəd iqtisadi-siyasi islahatları əngəlləmək,
monapoliyanın davam etməsinə nail olmaq və ölkə prezidentini təzyiq altında
saxlamaqdır.
3. Hakimiyyət: Bu düşüncə sahibləri sübut etməyə çalışır ki
xalq qorxu və itaətdən özbaşına belə sürətlə qurtula bilməz. Etirazları yəqin
ki iqtidar özü təşkil edir. Məqsəd isə sosial narazılıqların kütləvi etirazlara
çevrilməsinin qarşısını planlı şəkildə almaq, süni gərginlikdən istifadə edib
güc tətbiq edərək əhalinin gözünü qorxutmaq və kütləvi təbii etirazlardan
çəkindirməkdir.
4. Müxalifət: Bu iddianın müəllifi yalnız
iqtidardır. Rəsmi təbliğat tezisləri də bunun üzərində qurulub ki müxalifət sosial
gərginlikdən istifadə edərək ölkədə gərginlik yaratmaq, siyasi məqsədlərinə
nail olmaq və hakimiyyətə gəlmək üçün fürsət əldə etmək
istəyir.
5. Xalq: Bu fikiri daha çox müstəqil
və müxalif şəxslər səsləndirir. Hesab edilir ki baş verənlər sosial
problemlərin altında əziyyət çəkən, mərhumiyyətlərdən təngə gəlmiş xalqın təbii
etirazlarıdır.
Bu
iddiaların heç birini bəri başdan inkar və ya təsdiq etməyəcəyik. Güman edirik
ki obyektiv qənaətə gəlmək üçün ən səthi dəyərləndirmə aparmaq da kifayət edəcək.
Etirazlar xaricdən təşkil edilir?
Bu etiraz
aksiyalarında xarici dövlətlərin əli olduğunu iddia etmək fikrimizcə primitiv
yanaşmadır. Bu ya real stüasiyadan xəbərsiz olmağın ya da fikir yayındırmağın
nəticəsidir. Bəlkə də bu ehtimalı heç sələndirib təhlil etməmək də olardı. Lakin
istənilən halda bu fikirlər dövriyyəyə buraxıldığı üçün biz də üstündən sükutla
keçməməyə çalışaq. Regional siyasi durumu dərindən təhlil etdikdə bir daha əmin
olmaq olar ki, bu versiya tamamilə əsassızdır. İndiki halda ölkədə yaşanacaq
qeyri sabitlik dalğasının önə çıxara biləcəyi yeni ideoloji-siyasi xətt daha
çox milli və demokratik təmayüllü olacaq. Bu isə antidemokratik şimal və cənub
qonşularımızın heç birinin marağında deyil. Mövcud hakimiyyətin zəifləməsi və
ya arzuolunmaz ideoloji-siyasi istiqamətə dəyişməsi onlara əlavə problemlər
yaradar. Rusiya və İran bu məsələlərdə çox aydın siyasi iradə sərgiləyir. Onlar
mövcud hakimiyyətə problem yaradacaq heç bir dağıdıcı addımlara rəvac verməyəcək.
Qərb dövlətləri də indiki durumda ölkəmizdə hansısa qeyri-sabitliyin
yaranmasında maraqlı deyil və bunun üçün məqsədyönlü addımlar atmır. Azərbaycan
artıq qərbin təhlükəsizlik doktrinasında öncəki rola və əhəmiyyətə malik deyil.
Hakimiyyətin istənilən strateji seçimi qərb üçün böyük itki sayıla bilməz. Birmənalı
olaraq görünür ki Azərbaycana təsir gücündə olan heç bir dövlət indiki məqamda belə
etirazlarda maraqlı deyil. Onu da qeyd edək ki əgər hakimiyyətin dəyişməsi real
olsaydı, o zaman fərqli stüasiyanın yaranması mümkün ola bilərdi.
Etirazları iqtidardaxili qruplar təşkil edir?
İqtidardaxili
qrupların da təsir imkanları və siyasi maraqlarını gerçəkləşdirmək hazırlığında
olmasi hədsiz dərəcədə şişirdilir. Hakimiyyətin daxilində vahid siyasi iradəyə
qarşı hazırlıqlı və məqsədyönlü qrup qətiyyən mövcud deyil. Bu tezislər daha
çox abıvatelə hesablanıb. Hakimiyyətə yaxın çevrələr elə görüntü yaratmaq
istəyirlər ki, guya problemlərin həllinə əngəl olan ciddi qüvvələr var və bu
amillər hökumətin bir çox mütərəqqi addımlar atmasına imkan vermir. Əslində
aydın şəkildə görünür ki, hakimiyyətin şəffaf şəkildə nə siyasi, nə iqtisadi,
nə də sosial islahatlar həyata keçirmək niyyəti var. Belə olan halda hökumətin
daxilindən hansı islahatlara əngəl törətməkdən danışmaq olar? Bu fikirlər hakimiyyətin
müəyyən mərhələyədək özünü ümumi narazılıqdan qoruma taktikasinin bir
hissəsidir. Proseslər onu göstərir ki yaxın gələcəkdə hökumət təmsilçiləri
arasında da hakimiyyətin böhrandan uğurla çıxa biləcəyinə inam tədricən sarsılacaq.
O zaman belə halların açıq və gizli şəkildə təzahür edəcəyi, hətta alternativ
axtarışları da istisna deyil. İndiki şəraitdə isə bu tezislər təbii etirazların
mahiyyətini kölgələməklə yanaşı, həm də istiqamətini dəyişmək və hakimiyyətin
əsas sütununu qorumaq üçün ortaya atılmış bir imitasiyadır.
Etirazları hakimiyyət təşkil edir?
İlk
baxışda elə görünür ki etirazların hazırlıqsız və kiçik miqyasda baş verməsində
hökumət maraqlıdır. Etiraz potensialı yüksək olan ərazilərdə vaxtından öncə bir
eksperment keçirilir və süni yollarla gərginlik azaldılır. Lakin bu qətiyyən
belə deyil. Apardığımız monitorinqlər onu göstərir ki etirazların baş verməsində
iqtidar maraqlı ola bilməz. Hakimiyyət çox yaxşı anlayır ki belə bir durumda
cüzi etiraz imitasiyası böyük hərəkatlara təkan ola bilər. Yaşayışından narazı
olan, yoxsulluq hədinə düşmüş insanlar üçün etirazlar “domino effekti” verə
bilər. Etirazların konkret məsuliyyətini öz üzərinə götürən ictimai-siyasi
təşkilatların olmaması da hakimiyyət üçün əlavə problemlər yarada bilər. Siyasi
baxımdan üzərinə gedilə biləcək konkret hədəf olmadıqca, hakimiyyət çox sürətlə
zəifləyəcək. Özü etiraz təşkil edib və nəticədə xalqla açıq qarşıdurmaya
gedəcəksə bu hətta hakimiyyətin fəlakətli sonu ola bilər. Odur ki heç bir halda
hakimiyyət belə bir addıma risk etməzdi. Etirazlardan dərhal sonra inzibati
yollarla bir neçə zəruri qida məhsullarının qiymətinin endirilməsi və rəsmi
açıqlamalar hökumətin ilk dəfə geri addım atmasını göstərdi.
Etirazları müxalifət təşkil edir?
Hökumət
etirazlara siyasi don geyindirməklə onu daha rahat ram edəcəyini zənn edir. Çünki
buna nail olacağı təqdirdə səslənən tələbləri qulaqardına vurmaq və prosesin
istiqamətini dəyişmək nisbətən asan olacaq. Odur ki ilk olaraq bu etirazların
müxalifətin adına bağlanmasına cəhd edildi. Bununla da hökumət iki məqsədə nail
olmaq istəyirdi.
Birincisi, etirazlara siyasi yön verməklə narazı
insanlarda qismən tərəddüd yaratmaq, etirazların yayılmasının qarşısını almaq,
xüsusi üsullarla aksiyaçılara edilən müdaxiləyə haqq qazandırmaq və yerli fəal müxalifətçiləri
həbs etməklə əsasən qorxu yaratmaq idi.
İkincisi isə müxalifəti siyasi hədəfdən yayındırmaq,
mümkün qədər tez etirazlara sövq etmək, arzuolunmaz xaotik müstəviyə sürükləmək
və yerlərdə narazı insanlar arasında sərbəst təşkilatlanmaya maksimum əngəl
törətməkdən ibarət idi.
Müxalifət
belə etirazlarda maraqlı olsa da onun təşkilatçılığı kimi qeyri-müəyyən perspektivə
qol qoya bilməzdi. Çünki hər kəs anlayır ki sosial narazılıqların artması
siyasi proseslərə münbit müstəvi açacaq. Odur ki real müxalifət indiki durumda meydana
atılmağa cəhd etməyəcək.
Mövcud durum xalqı kütləvi etirazlara
sürükləyir
Etirazlarda
iştirak edən hər kəs bilir ki nə xarici və daxili qruplar, nə hakimiyyət, nə də
yerli müxalifətçilər onları hansısa sosial-siyasi tələblərlə meydana çağırıb.
Hər kəs öz dərdini deməyə yer axtardığı üçün kollektiv olaraq yerli icra
orqanlarının qarşısına toplaşıbdır. Hətta, etirazçıların sırasında çoxsaylı
sıravi YAP üzvləri də iştirak edib və tələblər irəli sürübdür. Artıq əksəriyyət
anlayır ki, evində oturmaqla düşdüyü durumdan xilas ola bilməyəcək. Nəsə
etməlidir və bunu təkbaşına edə bilməyəcək. Qorxu o zaman hakim olur ki,
itiriləcək çox şeylə yanaşı, həm də sosial vəziyyətin düzələcəyinə,
çətinliklərin bitəcəyinə ümid olsun. Bunlar heç biri yoxdursa çətin ki insanlar
sakitləşsin. Hələ ölkədə etirazlar cücərmək mərhələsinə qədəm qoyur. Onun geniş
ictimai-siyasi prosesə keçəcəyi bir müddət sonra baş verəcək. Əlbətdə ki
yuxarıda qeyd edilən tərəflərin hər birinin hansısa maraqları indiki mərhələdə
üst-üstə düşə bilər. Lakin birmənalı olaraq deyə bilərik ki baş verən olaylar
sosial vəziyyətin ağırlığından doğan kortəbii xalq etirazlarıdır.
Müxalifətin etirazlara
yanaşması
Müxalifətin
olaylara yanaşması onu göstərir ki, hələlik onlar təşkilatlanmış şəkildə hökumətin
qarşısına çıxmaq niyyətində deyillər. Çünki bu gün ən əlverişli mövqe
müxalifətindir. Dəfələrlə xalqa çağrış edərək onu qarşılaşacağı təhlükələrdən
agah etməklə yanaşı, həm də hökumətə də böhrandan çıxmaq üçün xeyli faydalı
təkliflər təqdim ediblər.
Açıq
siyasi tələblər irəli sürüb meydana çıxmamaqla həm hökumətə imkan verirlər ki
vəziyyətdən çıxış yolu tapsın, həm də siyasətdən uzaq durmaqla qazanmağa vərdiş
etmiş xalqa da imkan verirlər ki növbəti dəfə hökumətlə problemlərini vasitəçilərsiz
həll etsin. Müxalifətin bu taktikası islahatlardan qaçmaq istəyən hakimiyyətin
zərərinə işləməklə yanaşı onu daha da çətin vəziyyətə yaxınlaşdırır. Hökumət
yaxın vaxtlarda müxalifəti daha tez meydanlara çəkmək üçün hansısa gözlənilməz
hüquqi-siyasi addımlar da ata bilər. Çünki baş verməkdə olan lokal etirazlar
müxalifət üçün ən uduşlu haldır. Milli və syasi mübarizələr yuxarıdan aşağıya
yayıldığı üçün qlobal liderlərini, aşağıdan başlayan sosial etirazlar isə
məhəlli liderlərini ortaya çıxarır. Bu sosial etirazlar aşağıdan başladığı üçün
yalnız öz məhəlli liderlərini yetişdirə bilər. Məhəlli liderlərin isə nə sosial
durumu düzəltmək imkanı var, nə də hakimiyyətə qarşı mərkəzləşmiş müqaviməti
təşkil etmək. Deməli qısa müddət sonra xalqın və məhəlli liderlərin üz tutacağı
yeganə ünvan yenə də müxalifət olacaq. Hətta onu sevməsə, inanmasa belə başqa
seçimi yoxdur. Müxalifət qlobal liderlərinə sahib olduqları üçün prosesə
nəzarəti qısa müddət sonra tam ələ ala biləcəkdir. Hakimiyyət bu etirazları
zorla yatırmağa davam etdikcə, müxalifətin sosial bazası da böyüyəcək. Bu
paradiqmanı dəyişmək mümkün deyil.
Hakimiyyətin addımları effekt
verəcəkmi?
Ölkədə
ciddi sosial böhranın baş verəcəyi xeyli öncədən məlum idi. Bu barədə
iqtisadçılar və siyasətçilər tərəfindən hökumətə tədbir görmək üçün xeyli
çağırışlar edilmişdi. Belə bir güman var idi ki hökumət ciddi böhran təhlükəsini
görürüb, qarşısını almaq üçün müəyyən siyasi addımlar atacaq. Lakin məsələyə
peşəkar yanaşılmadı və fürsətlərin çoxu qaçırıldı. Nardaran əməliyyatından
sonra hökumətin cəmiyyətlə necə rəftar edəcəyi dəqiq görünməyə başlamışdı.
Hökumət vaxtilə İsmayıllıda və Qubada uğurla yatırılmış etirazlarla indiki
etirazların çox fərqli mahiyyət kəsb etdiyini unutmamalıdır. O zaman əhalinin
təhqir edilməsi kimi ictimai-psixoloji amillər səbəb idisə, indiki etirazlar
aclıq və yoxsulluğun nəticəsidir. Hətta Nardaranda da səbəblər dini-siyasi tezislərlə
pərdələndiyi üçün onun miqyası genişlənmədi. Son etirazların mahiyyəti isə çox
fərqlidir. İnsanlar evlərində üzləşdiyi yoxsulluqdan, aclıqdan, işsizlikdən,
pulsuzluqdan, güzəranın ağırlığından evdən baş götürüb çıxır. Onları qınamaq,
əzmək, döymək, tutmaqla problemləri həll etmək mümkün olmayacaq. Hər kəs görür
ki, onun qonşusu, qohumu, dostu ağır sosial vəziyyətini yerli idarəçilərə
çatdırmaq üçün küçələrə çıxdığına görə təyziqlərə tuş gəlib.
Etirazların mahiyyəti
sosial xarakterlidir. Səbəblər ortadan qalxmadıqca bu etirazların qarşısını almaq
daha da çətinləşəcək. Dünya təcrübəsi göstərir ki belə etirazları güc yolu ilə önləmək
çox çətindir. Siyasi, milli etirazlar mərkəzdən bölgələrə yayılırsa, sosial
etirazlar yerlərdən mərkəzə doğru istiqamət götürür. Həm də məhəlli etirazlar
antidemokratik hakimiyyətlər üçün ən arzuolunmaz dilemmadır. Ona heç bir halda
fərqli don geyindirmək və susdurmaq mümkün olmur. Çünki çarəsizlikdən meydana
çıxan bu insanlar niyə belə addım atdıqlarını hər kəsdən daha yaxşı bilirlər. Onları
hansısa televiziya təbliğatı ilə ovundurmaq mümkünsüzdür. Hökumət proseslərin
hansı istiqamətə getdiyini anlamalı və yubanmadan siyasi islahatlara
başlamalıdı.
(Bakı şəhəri, 22 yanvar 2016-cı il, saat 17:16)
https://www.meydan.tv/az/site/politics/11318/%C3%96k%C9%99d%C9%99ki-etirazlar%C4%B1-kiml%C9%99r-t%C9%99%C5%9Fkil-edir.htm
YanıtlaSil