Dünyada böyük müharibə risklərinin artdığı bir ərəfəni
yaşamaqdayıq. Qlobal təbliğat şəbəkələri elə bir psixoloji mühit yaradıb ki, insanlar
hər gün hansısa lokal və ya total müharibənin başlayacağını gözləyir. Belə bir
məqamda hansısa böyük sülh təşəbbüslərinə şahidlik etmək gerçəkdən ələdüşməz fürsətdir.
Dünyanın maraqla gözlədiyi sülh görüşünə artıq
saatlar qaldı.
Bu görüşün hələlik bizim regiona birbaşa təsirləri
olmasa da, yaxın gələcəkdə dolayısı ilə çox ciddi təsiri ola bilər. Bu barədə bir
az sonra davam edərik.
Şimali Koreyanın uzaqmənzilli raket sınaqları ilə həddindən
artıq gərginləşən ABŞ- Şimali Koreya münasibətləri irimiqyaslı müharibə riskini
xeyli artırmışdı. Tərəflər qarşılıqlı olaraq çox sərt ritorikadan və hədələrdən
istifadə edirdi. Hətta Çin və Rusiya Şimali Koreyaya qarşı ABŞ-ın hücum ehtimallarını
nəzərə alaraq sərhədləri boyunca hərbi texnika və canlı qüvvə cəmləşdirirdi.
Ancaq gözlənilmədən tərəflərin bu sərt ritorikasını
anlaşma mesajları əvəzlədi. Məlum oldu ki Şimali Koreya bütün nüvə sınaqlarının
dayandırılmasına, sınaq sahələrinin bağlanmasına razılıq verib və ABŞ-la zirvə
toplantısı keçirməyə razılaşıb. İstisna deyil ki ABŞ-ın hansısa gizli güc
nümayişi öz təsirini göstərib. ABŞ prezidenti D.Trampın öz Twitter hesabında
yazdığı mesajlar da bu qənaəti yaradırdı. "Biz heç nədən əl çəkməmişik.
Onlar isə nüvəsizləşməyə, obyektlərin bağlanması və sınaqlara son qoyulması ilə
razılaşıb!". Bu mesajın ardınca Fransa prezidenti E. Makronla görüşdə də D.Tramp
bildirib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü
çox tezliklə olacaq.
Nəhayət Şimali Koreya ilə Cənubi Koreya arasında da
sülh təmasları intensivləşdi. 65 illik fasilədən sonra iki ölkə liderləri arasında
ilk dəfə rəsmi görüş bu
gün baş tutacaq.
Xatırladaq ki 25 iyul 1950-ci ildə başlayan müharibə
1953-cü ildə atəşkəs razılaşması ilə dayandırılsa da, tərəflər arasında bu günədək
sülh sazişi imzalanmayıb. Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya
lideri Mun Cae-in arasında bu gün Panmunjom kəndində baş tutacaq zirvə
toplantısı bütün mənalarda çox mühüm tarixi bir görüş olacaq.
Cənubi Koreya "Böyük 20-lər" (G20) qrupunun üzvüdür və Asiyanın dördüncü böyük iqtisadiyyatına sahibdir. Dünyanın demokratik idarə olunan ölkələrindəndir. Artıq Cənubi Koreyada
müharibəyə qarşı olan qruplar “Müharibəyə Yox” şüarları və hər iki ölkə liderinin
əl-ələ tutduqları plakatlarla küçələrə çıxıb, sülh təşəbbüslərini dəstəkləyir.
(Qeyd edim ki zirvə görüşünün keçiriləcəyi Panmunjom
kəndi iki ölkə arasında tampon bölgədir. Dünyada belə bir statusu olan ikinci kənd
yoxdur. Bu kənd iki hissəyə ayrılıb. Hər iki ölkənin vətəndaşları bu kənddə
yaşayır və küçə tam ortadan ikiyə ayrılıb. Kənddə heç bir tərəfin əsgərləri
yoxdur. Yalnız BMT sülhməramlıları keşik çəkir. Hətta bu kənddə fəliyyət gösrərən
BMT-nin konfrans zalı da küçənin tam ortasında inşa edilib. İçərisində olan dəyirmi
masanın tən ortasından xətt çəkilib. Heç bir tərəf barmağını da bu çəkilən xətdən
qarşı tərəfə keçirə bilməz. Bu, sərhəd pozuntusu sayılır. Masanın hər iki tərəfində
əlisilahlı iki əsgər keşik çəkir. Bu xətti pozan istənilən şəxsə əskərlərin xəbərdarlıqsız
atəş açmaq səlahiyyətləri də var.)
Qeyd etdiyim kimi bu görüşün nəticəsində yarana biləcək sülh
sazişinin gələcəkdə bizim regiona dolayısı təsirləri mütləq olacaq. Məsələnin iqtisadi-siyasi
aspektlərini dərindən hərtərəfli analiz etmədən də, bu barədə fikir bildirmək mümkündür.
Səthi olaraq qeyd edək ki, bu problemin həlli təşəbüsləri
dərinləşdikcə Çin və Rusiyanın bölgədəki geosiyasi maraqlarına təsir edəcək. Asiyanın
Sakit Okean hövzəsi ölkələri arasında yeni siyasi-iqtisadi əlaqələrin qurulmasına
təkan olacaq. ABŞ və Avropa Birliyinin orta və şərqi Asiyada mövqeləri tədricən
güclənəcək. Hətta, bu sülh danışıqları ABŞ-ın İranla bağlı həyata keçirmək istədiyi
siyasi-hərbi planlarına da əlavə imkanlar yaradacaq.
İranın Otra Şərqdə mövqelərinin
güclənməsindən ABŞ-ın açıq narahatlıq ifadə etməsi son günlər intensivləşib. Trampın
Fransa prezidenti ilə Vaşinqtonda mətbuat konfransı zamanı səsləndirdiyi "İranın
Aralıq dənizinə çıxışına fürsət verməyəcəyik” fikiri də təsadüfi deyil.
Şimali
Koreya ilə müzakirələrin başlaması ABŞ-a digər regional problemlərin həlli ilə bağlı əlavə imkanlar
açacaq.
Bu istiqamətdə Rusiya və Çinin hansı addımlar atacağını demək isə hələlik çətindir. Görünən budur ki dünyanın ən qəliz münaqişəli probleminin həlli ilə
bağlı yeni siyasi iradə ortaya qoyulub. Bu addımlar sülhlə yanaşı, daha da böyük
hərbi-siyasi münaqişələrin doğulmasına da gətirib çıxara bilər. İstənilən halda bu prosesin Rusiya və İrana gələcəkdə təsirləri istisna deyil. Azərbaycanın hər iki qonşusuna olan təsirlər təbii ki bizdən də yan keçməyəcək.
26 aprel 2018-ci il.
Hiç yorum yok:
Yorum Gönder