Müxalifətin bundan yararlanması mümkündürmü?
Ölkədə növbəti prezident seçkiləri ilə bağlı geniş müzakirələr müşahidə edilməsə də, ictimai rəyin öyrənilməsi və gələcək qərarların qəbulu istiqamətdə hərdən ötəri fikirlərə rast gəlirik. Son vaxtlar bu mövzuda medianın çoxsaylı suallarına verdiyim ümumiləşmiş cavabları müzakirənizə təqdim edirəm.
Seçki nə zaman keçiriləcək?
26 sentyabr 2016-cı il Konstitusiya dəyişikliyindən sonra bu barədə birmənalı fikir demək çətinləşib. Konstitusiyada heç bir keçid maddələrinin olmaması və hakimiyyətin Konstitusiyaya və qanunlara münasibətinin təhlili göstərir ki, onun hansı qərarı verəcəyi qeyri-müəyyəndir. Yerli və beynəlxalq situasiyanın uyğunluğu, habelə hakimiyyətin psixoloji ovqatı da bu məsələdə ciddi rol oynaya bilər. Prezidentlik müddətinin 7 il olmasını əsas tutub, 2018-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulan seçkini 2020-ci ilə də ertələyə bilərlər, günü sabah da keçirə bilərlər. Bu məsələdə həlledici amil hakimiyyətin siyasi iradəsidir. Hələlik nə cəmiyyətimiz, nə də beynəlxalq ictimaiyyət hakimiyyətin siyasi qərarını durdurmağa qadirdir. İqtidar özü üçün uyğun olan nədirsə, onu da tətbiq edəcək.
Müxalifətin seçkidə iştirakı, yoxsa boykotu faydalıdır?
Ölkəmizdə azad seçki sistemi tamamilə sıradan çıxarılıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya qalıb. İstənilən peşəkar müşahidəçilər seçkilərin bir siyasi vasitə kimi artıq mövcud olmadığını təsdiq edər. Odur ki "seçki”lərdə "iştirak” və ya "boykot” kimi çağırışlara mümkün qədər reaksiya verməməyə çalışıram. Olmayan bir şeyi necə boykot etmək və ya onun iştirakçısı olmaq olar? Bunlar hələlik dəyişməyə gücümüz çatmayan reallıqlardır və mübarizə müstəvisi olmayan yerdə nəyin uğrunda mübarizə aparılacağını anlaya bilmirəm. İndidən "seçki”də iştirakın, yoxsa boykotun faydalı olacağını birmənalı demək də mümkün deyil. Hər birinin özünəməxsus üstünlükləri və zərərləri var. Məncə, iddialı qüvvələr cəmiyyətəki siyasi mövqeyinə uyğun qərar verməli və bir-birinin qərarlarını təftiş etmədən öz strategiyalarını həyata keçirməlidirlər.
"Seçki”də iştirak hansı siyasi nəticə doğura bilər?
Hazırkı siyasi şəraitdə iqtidar namizədindən başqa digər namizədlərin niyə "seçki”yə qoşulduqlarının səbəbləri cəmiyyətə aydın izah edilməlidir. Onlar özlərinə, təşkilatlarına və cəmiyyətə nə qazandırmaq niyyətindədirlər? Bu sualların əksəriyyət tərəfindən qəbul edilən aydın cavabları indidən hazır olmalıdır:
- Qalib gələrək prezidentlik postuna sahib olmaq?
- Hakimiyyətin daxili və xarici siyasətini televiziya efirindən tənqid etmək?
- Hakimiyyətin qanuna zidd əməllərini ifşa etmək?
- Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək?
- Müxalifətin və ya özünün mövcudluğunu cəmiyyətə göstərmək?
- Təşkilatlanmaq fürsəti kimi yararlanmaq?
- Siyasi sabitliyi pozmaqla yeni situasiya yaratmaq?
Gəlin birlikdə bu suallara cavab axtaraq. Mövcud siyasi şəraitdə və seçki konyukturasında qalib gələrək prezident seçiləcəyini düşünən müxalif namizədin olacağını təsəvvür edə bilmirəm. Əgər belə bir şəxs varsa, bu, möcüzə olar. Hər halda ciddi şəxslər arasından belə birinin çıxacağını zənn etmirəm. Çünki ölkədə seçki olmadığını onların hər birinin daha yaxşı bildiyi qənaətindəyəm.
Hakimiyyətin daxili və xarici siyasətini tənqid etmək, onun qanunazidd əməllərini ifşa etmək üçün də namizəd olmağa gərək yoxdur. Sosial şəbəkələrdə və sosial mediada, habelə mitinqlərdə siyasətçilərin bunu mütəmadi etmək imkanı var. Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək kimi iddialar da yumşaq desək, gülüş doğurur. 2013-cü il seçkisində ATƏT-in müvafiq qurumları seçkinin 58% saxtalaşdırıldığını bəyan etdi. Guya 2018-ci ildə bu rəqəm 68% olsa, nə dəyişəcək ki? Belə bir məqsəd naminə "seçki”yə qatılıb əhaliyə müsbət nə isə qazandırmaq çətindir. Əgər MSK imkan yaradarsa, televiziya çıxışları ilə müxalifətin mövcudluğunu cəmiyyətə göstərmək də qalıcı siyasi nəticə doğurmayacaq.
"Seçki”dən heç təşkilatlanmaq fürsəti kimi yararlanmaq da mümkün deyil. İndi təşkilatlanmanın bu vasitə ilə uğurlu olacağını düşünmək çox qeyri-peşəkar yanaşma olar. Ölkəmizdə təşkilatlanmanın fərqli yollarından istifadə edilməlidir. İnanmıram cəmiyyətdə siyasi sabitliyin pozulmasını kimsə arzulasın. Bu, hər kəsə zərər verə bilən bir proses deməkdir. Həm də siyasi sabitliyin pozulmasını şərtləndirən amilləri hərəkətə gətirəcək resurslar müxalifətin əlində deyil. Deməli, namizədlərin öz təşkilatlarına və cəmiyyətə nə qazandıracaqları ilə bağlı suala müsbət cavab yoxdur. Özlərinə nə qazandıracaqlarının cavabını isə özlərindən eşitmək yaxşı olar.
"Seçki”ni boykot etmək hansı siyasi nəticə doğura bilər?
Boykotun da doğuracağı ciddi siyasi nəticələrdən danışmağın çətin olduğunu qəbul etməklə yanaşı, həm də özümüzə sual verək ki, boykot etməkdə məqsədimiz nədir? Təqribən aşağıdakı suallara birlikdə cavab tapmağa çalışaq:
- Seçiciləri "seçki”də iştirakdan çəkindirməklə ”seçki”nin baş tutmamasına və legitimlik problemi yaradaraq nəticələrin beynəlxalq aləmdə tanınmamasına nail olmaq?
- Ölkədə demokratik seçki olmadığını beynəlxalq aləmə göstərmək və onlardan demokratik islahatlar üçün təsirli dəstək almaq?
- Hakimiyyətə siyasi təzyiq edib demokratik seçkiyə məcbur etmək?
- Cəmiyyəti boykot ideyası ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na siyasi zəmin yaratmaq?
- Hakimiyyətin təklif etdiyi aşağılayıcı siyasi müstəvidən imtina edərək kənarda hərəkat yaratmaq?
Öncə qeyd edək ki "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemində boykotun nəzəri baxımdan siyasi nəticə doğurması mümkün olsa da, praktik olaraq buna nail olmaq üçün çox nəhəng təşkilati resurslar lazımdır. Sovet hakimiyyəti zamanında və müstəqilliyin ilk illərində ölkəmizdə "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemi tətbiq edilsə də, sonradan bu qayda tamamilə dəyişdirildi və hazırda "Nisbi səs çoxluqlu” seçki sistemi tətbiq edilir.
"Nisbi səs çoxluqlu” mojaritar seçki sistemində isə boykotun hüquqi nəticə doğurması ümumiyyətlə mümkün deyil. Çünki ölkənin seçki qanunvericiliyində seçicinin iştirakının minimum həddi nəzərdə tutulmayıb. Seçkidə seçicinin ən aşağı faizi iştirak etsə belə, seçki baş tutmuş sayılır və hakimiyyət üçün legitimlik problemi yaranmır.
Boykot etməklə beynəlxalq birliyin diqqətinin ölkəmizdəki antidemokratik seçkiyə cəlb olunacağına və bu yolla onlardan demokratik islahatlar üçün təsirli dəstək alınacağına ümid etmək də vaxt itkisidir. Bunun təfərrüatlarına toxunmaq istəmirəm.
Cəmiyyətin indiki zəif durumunda hakimiyyətə siyasi təzyiq göstərib demokratik seçkiyə məcbur etmək də real deyil. Bunun üçün yerli və beynəlxalq şərtlər hələlik uyğun görünmür. Boykot ideyasını cəlbedici edən yeganə amil bu ola bilər ki, cəmiyyəti tədricən "boykot ideyası” ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na və ya başqa bir ümumxalq hərəkatına siyasi zəmin yaradılsın. Onu da qeyd edək ki, "seçki”ni boykot etmədən də bu istiqamətdə müəyyən addımlar atıla bilər və belə təşəbbüslər müşahidə edilməkdədir.
Müxalifətin seçkiyə "vahid namizəd”lə qatılmasına zərurət varmı?
Müxalifət adına iddialı qurumların sayı bilərəkdən hökumət tərəfindən süni şəkildə çox şişirdilib. Məqsəd cəmiyyətin məlumatsız kəsiminin fikirlərini qarışdırmaq, müxalif düşərgənin guya çox dağınıq olması görüntüsünü yaratmaqdır. Hətta bu imitasiyaya aludə olan bəzi qüvvələr də özlərinin müxalifət olduqlarına ciddi şəkildə inanmağa başlayıblar. İstənilən şəxs öz imkanları ilə hakimiyyətə müxalifətdə olan qurumların monitorinqini aparsa, o zaman görəcək ki, bu düşərgədə hər kəsin bəlli yeri var. Hakimiyyət müxalifəti nə qədər çoxbaşlı və rəngarəng göstərməyə cəhd etsə də, bu istəyi beynəlxalq müstəvidə ciddi qəbul edilmir. Yerli və xarici peşəkar müşahidəçilər müxalifət kimi fəaliyyəti görünən çox az qurumun adını çəkə bilər. Belə bir dar çərçivədə seçim etmək isə elə də çətin deyil.
Məncə, müxalifət üçün "vahid namizəd” anlayışı və onun ətrafında müzakirələr artıq dəfələrlə yaşanmış təcrübədir. Cəmiyyətin narazı kəsimini bu "düstur”la səfərbər etmək mümkün deyil və indiki situasiyada həm də zərərlidir. Hazırkı siyasi şəraitdə "vahid namizəd” ideyası ətrafında müzakirələr müxalifətdən çox iqtidara lazımdır. Diqqət etsəniz, kiçik istisnalarla bu barədə ən çox tezislər məhz iqtidara yaxın şəxslər və qurumlar tərəfindən mütəmadi gündəmə çıxarılır. Real gücü olan müxalifət qurumları belə diskussiyalarda demək olar ki, həvəsli görünmür.
Hər seçki öncəsi bir sual yaranır, "vahid namizəd” müxalifətə nə üçün lazımdır? Bu amil əgər seçkidə iqtidara qalib gəlməyə yardım edən əsas faktor kimi qəbul edilirsə, indiki situasiyada bunun heç bir əhəmiyyəti yoxdur. Çünki həm seçki bir prosedur kimi sıradan çıxarılıb və yox sayıla bilər, həm də əksəriyyət seçkidə müxalifət namizədinin seçicidən səs almaq problemi də olmayıb. "Vahid namizəd” oldu və ya olmadı, müxalifət namizədi seçicidən dəstək ala bilir. Bunu müxalif namizədlər özləri də dəfələrlə iddia ediblər.
Ancaq müxalifət heç vaxt seçicidən aldığı səslərin sonradan saxtalaşdırılmasının qarşısını ala bilməyib. Problem də məhz bundadır. Cəmiyyət məhz bu səbəbə görə "seçki”ni faktiki olaraq boykot edib, çünki hər dəfə müxalifətin çağırışlarına inanıb və onlara səs versə də, sonda nəticəsini görə bilməyib. Öz səsini necə qoruya biləcəyini təsəvvür etməyən seçicidən belə bir şəraitdə hər dəfə səs istəmək və onu "seçki”yə çağırmaq yumşaq desək, istehza doğurur. Seçicini bu qədər avam hesab etmək olmaz. Namizədlər öncə nəticələri necə qoruyacağını müəyyən etməli, seçicini buna inandırmalı və yalnız bundan sonra iştirakın formasını müzakirəyə çıxarmalıdır.
Yeri gəlmişkən, hazırda ölkəboyu sadə insanlar arasında bu istiqamətdə rəy sorğusu aparıq. İlkin nəticələrdən biri belədir ki, seçkidə iştirak etməyənlərin böyük əksəriyyəti məhz seçkiyə inanmadıqlarına görə səsverməyə getmirlər.
"Vahid namizəd” kim ola bilər?
Öncəliklə, "vahid namizəd” məsələsini bu şərtlər altında əhəmiyyətli hesab etmirəm. Məncə, hakimiyyətə ən ciddi alternativ müxalif siyasətçini müxalifət qurumlarının müəyyən etməsi indi işə yaramayacaq və əlavə dağıdıcı mübahisələrə səbəb olacaq. Siyasi proseslərin dinamikasına uyğun şəkildə cəmiyyət belə bir namizədin kimliyini tədricən öz altşüurunda formalaşdıracaq. Onun üzə çıxarılmasının zamanını və formasını isə ənənəvi şəkildə təsəvvür etmirəm. Hazırda bu istiqamətdə müəyyən monitorinqlər aparırıq. Ancaq hələlik bu barədə danışmağın zamanı deyil. İndi sosial şəbəkələrdən tutmuş, canlı diskussiyalara qədər çox geniş bir analiz müstəvisi var. Obyektiv müşahidəsi olan ən ortabab siyasi düşüncəli şəxslər də bu tendensiyanı izləyə bilər.
Məncə, bu seçkidə müxalifətin "vahid namizəd”lə deyil, çoxsaylı namizədlərlə qatılması da nəzərdən keçirilə bilər. Hətta müxalif namizədlər arasında qadın namizədlərin olması da çox yaxşı olar. Müxalifətin sıralarında hazırda qadın siyasətçilər çox olmasa da, yerli və beynəlxalq ictimaiyyətin yaxşı tanıdığı xüsusi seçilənləri var.
Antidemokratik cəmiyyətlərdə hakimiyyətə müxalifətçilik təkcə sərt tənqidlə qazanılmır, həm də hakimiyyətin qarşı tərəfə sərt münasibətindən, təzyiqlərindən və repressiyalarından doğulur. Siyasi proses tədricən o qüvvəni və ya şəxsi narazı insanların önünə çıxarır. Siyasi liderlər anidən, hansısa fors-major situasiyada ortaya çıxarsa, onlar yalnız müvəqqəti funksiya daşıya bilir. Ancaq cəmiyyəti uzun müddət istiqamətləndirən liderlər elə cəmiyyətin gözlərinin önündə tədricən həzm edilərək ali məqama çatır. Qəbul etməliyik ki Azərbaycan ictimai-siyasi mühitinin əsas problemi liderlə və ya təşkilatla bağlı deyil, əhalinin əksəriyyətinin siyasi təfəkkürünün zəif olması ilə bağlıdır.
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
Seçkilər tam və ya qismən demokratik olan dövlətlərdə cəmiyyət üçün növbəti fürsət sayıla bilər. Ancaq azadlıqların əsasən boğulduğu dövlətlərdə seçki qətiyyən cəmiyyət üçün fürsət yarada bilməz. Mənim qənaətim belədir ki, nə əsas müxalifət, nə də müstəqil şəxslər seçkiyə növbəti fürsət kimi baxıb özlərini aldatmamalı və cəmiyyəti də bu istiqamətdə yersiz ümidləndirməməlidirlər.
Bu günün şərtləri ilə baxsaq, müxalifətin bu "seçki”dən hansısa formada yararlanması hələlik mümkünsüzdür. Dinc və kütləvi demokratik proseslər üçün cəmiyyətdə müəyyən hazırlıq işlərinin aparılması daha yaxşı olar.
Son olaraq, Növbəti "seçki” iqtidar üçün çox önəmli bir fürsət ola bilər. Əgər ölkədəki və regiondakı durumu obyektiv analiz etsələr, bundan yararlana bilərlər. İqtidar düşərgəsində dərinləşməkdə olan mənəvi-psixoloji və iqtisadi-siyasi tənəzzülü dayandırmağın yalnız bir yolu var, o da siyasi sistemi köklü dəyişməkdir. Ancaq ənənəvi konyukturanın nəyin bahasına olursa-olsun qorunub saxlanması cəmiyyət üçün çox təhlükəli gələcək vəd edir.
19 noyabr 2017-ci il.
19 noyabr 2017-ci il.
Hiç yorum yok:
Yorum Gönder