Bu
sualın cavabını cəmiyyətin bütün fəal insanlarının davranışında axtarmalıyıq!
Rusiya-Ermənistan birgə qoşun qrupunun
yaradılmasının Azərbaycan-Rusiya siyasi münasibətlərinə təsirləri ilə bağlı
yazının ardından, bu sazişdən sonra Qarabağ məsələsində gözlənilən durumdan bəhs
edən yazını müzakirənizə təqdim edirəm.
Ölkəmizin hazırkı sosial-siyasi durumu,
habelə gələcəyə yönəlik daxili və xarici siyasəti heç bir ümidverici proqnozlarla
təsəlli edilə bilməz. İndiyədək aparılan avtokratik siyasət faktiki olaraq dövlətimizi
olduqca əlverişsiz və zəif hala salıb. Öz vətəndaşlarından başqa heç kəsə güc
göstərmək imkanı qalmayan hökumətin indi xarici təzyiqlər qarşısında müqavimət
imkanları da xeyli tükənib və dövlət üçün real təhlükələr artmaqdadır.
Azərbaycanın zəiflədiyi dönəmlərdə məkrli
düşmənlərimiz havadarlarının dəstəyi ilə bundan maksimum faydalanmağa cəhd edib
və təəssüf ki çox zaman bu cəhdlərini reallaşdıra biliblər. Yenə də erməni
siyasi dairələrində belə bir qənaət yaranıb ki Azərbaycan hökumətini ciddi güzəştlərə
məcbur etmək üçün fürsət yaranmaqdadır.
Son dövrlər hüquq-mühafizə orqanlarının
birgə bəyanatında səslənən “orduda casusluq” iddiaları ilə bağlı müzakirələr də
göstərir ki istər Rusiyanın, istərsə də Ermənistanın Azərbaycanın real durumu
ilə bağlı ən konfidensial bilgilərə çatmaq imkanları olub. Rusiya və Ermənistan
siyasi dairələrindən gələn açıqlamalar göstərir ki, onlar dövlətimizin zəifləməsinin
dərinləşdiyi andan etibarən, paralel olaraq Qarabağla və Avrasiya İttifaqı ilə bağlı
hərbi-siyasi təzyiqləri daha da artıracaqlar. Yaxın bir neçə il ərzində Azərbaycan
hökumətinin daxili siyasəti nəticəsində cəmiyyətin güzəştə, təslimçi təkliflərə
ən az müqavimət göstərəcəyi məqamın yetişəcəyini hesablayırlar.
Çağdaş beynəlxalq siyasi konyuktura tədricən
Rusiyanın əlehinə inkişaf etdiyi üçün Rusiya tez bir zamanda sərhədlərinə
yaxın ölkələrdə öz təhlükəsizliyi üçün daha konkret qarantiyaya can atır. Azərbaycan
faktiki olaraq Rusiyanın siyası orbitində olsa da, bu durum sürüşkəndir və indi
Rusiyanı qane etmir. İsrarla Azərbaycanı da rəsmi şəkildə öz çətiri altına çəkməklə
həm RF daxilində, həm də xaricində müvəqqəti üstünlük əldə etməyə,
sanksiyaların psixoloji təsirlərini qismən azaltmağa ümid edir.
Qərb isə artıq heç bir strateji siyasi məsələni
Azərbaycan hökumətindən israrla tələb etmir. Bir tərəfdən Rusiyanın aqressiv
yanaşmalarına bəhanə verməmək üçün hələlik regionda öz siyasətini passiv fazaya
keçirib, digər tərəfdən isə Azərbaycan hökumətinin apardığı siyasətə görə ölkəmizin
qərb üçün cazibəsi də xeyli azalıb. Hətta müəyyən diplomatik qaynaqlardan sızan
bilgilərə görə qərb dairələri siyasi həbslər, söz, ifadə, siyasi və digər azadlıqların
kobud şəkildə boğulmasına öncəki reaksiyasını da ertələyib. Artıq qərb standartlarının
kiməsə zorla qəbul etdirilməsi siyasətindən əsasən imtina edilib. Əgər könüllü
şəkildə bu standartları qəbul edirsənsə, buyur gəl, etmirsənsə özün bilərsən.
Faktiki olaraq ölkəmiz güclü qərb müttəfiqlərinin
dəstəyindən məhrum olmağa doğru addımladıqca, Qarabağla bağlı təslimçi sülhün
detalları da konkretləşir. İndi Rusiya çətin durumda olan Azərbaycan hökumətinə
elə bir təklif verməlidir ki, o, həm öz cəmiyyətində güclü görünsün, həm də Qarabağla
bağlı güzəştləri qəbul etməyə məcbur olsun. Hətta Ermənistanın guya Rusiyadan qərbə
doğru üz çevirməsi görüntüsü ilə Azərbaycan cəmiyyətini rahatlatmaq və hökumətin
arqumentlərini gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışmalar var.
İstər Ermənistanın NATO təlimlərində iştirakı, istər KTMT-dan çıxmaqla bağlı səslənən
bəyanatlar, istərsə də qərblə aparılan fəal diplomatiyanın arxasında Azərbaycanı
Rusiyaya daha sıx bağlamaq üçün müəyyən gedişlər hazırlanır.
Rusiya və Ermənistan ittifaqı indiki
geosiyasi şəraitdə Azərbaycan hökumətinin siyasi səhnədən tam atılacaq hala gəlib
çatmasından heç nə qazanmadıqlarını yaxşı anlayır və bu situasiyanın dərinləşməsində
maraqlı deyillər. İstənilən yeni hökumət dəyişikliyi bu cütlüyə yeni situasiya
və həlli çətin əlavə problemlər yarada bilər. Bütün siyasi məsələləri, xüsusilə
də Qarabağ məsələsini tamamilə öz monopoliyasına almağı bacarmış bir iqtidardan
istənilən güzəştləri almaq daha asan olduğundan, onun davam etməsinə bütün
vasitələrlə yardımçı olmağa çalışırlar. Rusiyaya müttəfiqsiz və zəif Azərbaycanı
öz birliyində görmək, Ermənistana isə Qarabağa sahib olmaq üçün Azərbaycan dövləti
adından imzalanan təminatlı sülh müqaviləsi lazımdır. Ermənistan anlayır ki
danışıqlar sonsuza qədər uzana bilməz və bir gün müharibə yenidən alovlana bilər.
Rusiyanın üzləşdiyi situasiyanı da təhlil edən erməni dairələri anlayır ki gələcəkdə
Rusiyanın hərbi-siyasi dəstəyi öz həlledici əhəmiyyətini itirə bilər. Odur ki rəqiblər
indi ən sərfəli variantları məhz bu əlverişli zamanda dəyərləndirməyə
çalışırlar.
Ermənistan anlayır ki indiyədək beynəlxalq
hüquqa məhəl qoymadan işğalı davam etdirsə də, bir gün bu ərazilərdən çəkilməlidir.
Qarabağ ətrafındakı ərazilərin işğalda qalması artıq Rusiya üçün də baş ağrısına
çevrilib. Hətta Rusiyanın ölkəmizlə bağlı bir sıra strateji planları məhz bu
işğal faktına görə öz həllini tapa bilmir. Rusiya müəyyən əraziləri Azərbaycana
qaytarmaqla daha böyük uduş əldə edəcəyini düşünür. Azərbaycanda Rusiyanın
strateji birliklərinə qoşulmaq istiqamətində müsbət ictimai rəyin formalaşması,
“xilaskar və böyük qardaş” təbliğatına yenidən ciddi zəmin yaradılması, qərbin
regiona təsirlərinin tamamilə zəiflədilməsi, habelə aktiv münaqişəni önləməklə
regionda söz sahibi kimi uzunmüddətli qalmağa təminat qazanmağı hədəfləyir. Rusiyanın
regionda möhkəmlənməsi İranın da maraqlarına cavab verir. Hazırda Rusiya və Ermənistan
faktiki olaraq işğalın uzanmasından heç nə əldə bilmirlər.
İndi yeganə problem “Dağlıq Qarabağ”ın
statusu ilə bağlıdır. Erməni tərəfi “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi
tanınması müqabilində sülhə razıdır. Ən pis halda isə “Dağlıq Qarabağ”ın müəyyən
müddətdən sonra referendumla müstəqil dövlət olması yolunda ciddi beynəlxalq təminat
almadan işğal etdiyi ərazilərdən çəkilmək niyyətində deyil. Azərbaycan ona ərazi
bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan etsə də,
bu, erməniləri qane etmir. Erməni tərəfi öz üstünlüyünü yalnız Azərbaycanın güzəştlərinə
dəyişmək niyyətindədir. Rusiyanın müəyyən etdiyi səddi aşaraq Azərbaycan hökumətinin
hərbi əməliyyatlar aparmaq iradəsinin olmaması da onları xeyli arxayınlaşdırıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri “Dağlıq
Qarabağ”ın yekun statusu ilə bağlı hər iki tərəfi qane edən yekun sənədi ortaya
qoya bilmədikləri üçün, bir tərəfdən “öz müqəddəratını təyinetmə”, digər tərəfdən
isə “ərazi bütövlüyü” prinsipinin arasında silahlı qüvvələrdən istifadə etmədən
yeni kompromis variant hazırlayıblar. Bu varianta əsasən “Dağlıq Qarabağ”a təhlükəsizlik
və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi, “Dağlıq Qarabağ”ın
ətraf ərazilərinin (5 rayon Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın
rayonunun 13 kəndinin) Azərbaycanın nəzarətinə qaytarılması, “Dağlıq Qarabağ”ı Ermənistanla
birləşdirən dəhlizin tanınması, iradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq
Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi, bütün məcburi
köçkünlərin öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququna təminat
verilməsi, sülhməramlı qüvvələrin daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin
yaradılmasından ibarətdir.
Faktiki olaraq bu variantda Kəlbəcər və
Laçının taleyi qeyri-müəyyən olaraq qalır, habelə Qarabağın zamanla tam itirilməsi
reallaşa bilər. Yanlış olaraq problemi tamamilə öz monopoliyasında saxlayan Azərbaycan
hökumətinin bu plana yetərli müqavimət göstərməyə siyasi iradəsi çaracaqmı? Bunu
birmənalı demək çətindir. Yubanmadan cəmiyyətin bütün fəal kəsiminin iştirakı
ilə Qarabağla bağlı ardıcıl və sistemli müzakirələrə başlamaq, habelə vahid siyasi-hərbi mövqe ortaya qoymaq vacibdir. Qarabağ məsələsində
heç kim yaxasını kənara çəkməməli, əgər imkanı yalnız bir kəlmə söz söyləməyə
çatırsa, onu mütləq deməlidir.
20 avqust 2017-ci il.
Hiç yorum yok:
Yorum Gönder