Orta
Şərqdə nəhəng hərbi sövdələşmələr yeni qarşıdurmalar doğuracaq?!

Son günlər dünyanın qlobal və regional
güclərinin çağdaş Orta Şərq siyasətini dərindən incələyərkən olduqca qorxulu
senarilərin hələ gələcəkdə işə düşəcəyini ehtimal etmək olar. Orta Şərqdə hökm
sürən hərbi-siyasi böhran regionda daha böyük fəlakətlərin yaşanacağını, müsəlmanlar
arasında ziddiyyətlərin daha da dərinləşəcəyini deməyə əsas verir. Bu bölgədə
ağır müharibələrin genişlənməsi, qarşıdurmaların dərinləşməsi, terrorizmin
artması, yeni dövlətlərin doğulması yolunda nəhəng layihələr mövcuddur. Görünən
budur ki, region hələ bir müddət də dünyanın ən qanlı senarilərinə meydan
olacaq.

Heç kəsə sirr deyil ki, antidemokratk
rejimlərin yaratdığı nəhəng ekoloji, iqtisadi, hərbi, ideoloji və siyasi
problemlər demokratik cəmiyyətlərə də mənfi təsir göstərir. Çağdaş dünyada
terrorizmin kökünü kəsmək, demoqrafik problemləri önləmək, dayanıqlı sülhü bərqərar
etmək naminə antidemokratik rejimlərə son verilməsi zərurətini kimsə inkar edə
bilməz. Bu istiqamətdə konkret addımların atılmasını qərb dairələri mütəmadi bəyan
etsə də, təəssüf ki əməldə fərqli davranırlar. İqtisadi-siyasi maraqlar naminə
ikili standartların tətbiqi adi hala çevrilib və diplomatiyanın normalarından
biri kimi qəbul edilir.

Trampın prezident seçilməsi ilə ABŞ-ın
yeni xarıci siyasət kursunun konturları da artıq özünü göstərməyə başlayıb. Əsədin
hərbi bazalarına raket zərbələrinin ardından Tramp administrasiyası açıq şəkildə
İran və Rusiyanı Suriya böhranında Əsədi dəstəkləməməyə çağırış etmişdi. Hətta
ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətindən də Suriya məsələsində açıq dəstək
istəyirdi. Azərbaycan hökuməti həmin vaxt susqunluq nümayiş etdirsə də, bu zirvəyə
özünəməxsus formada qatılmaqla ABŞ-ın mesajlarına ehtiyyatlı və müsbət reaksiya
verməyə çalışdı. Ancaq görünən budur ki, ABŞ-ın Azərbaycandan istədiyi bu deyil
və istədiyini hələlik almayıb. Təəssüf ki ölkəmizi sürətlə təhlükəli gələcəyə
yaxınlaşdıran Azərbaycan diplomatiyası nə qlobal, nə də regional güclərlə
etibarlı əlaqələr yarada bilib.
Zirvə görüşündəki çıxışında da əsas hədəfə
və ortaq düşmənə qarşı vahid mövqedən çıxış ediləcəyinin anonsunu verən Tramp, Bəşər
Əsədin İranın dəstəyi ilə törətdiyi qoxrunc cinayətlərin hələ də davam etdiyini
bildirdi. Habelə, İran rejimini qlobal terrorizmə öncüllük edən, bölgədə dağıntıların,
xaosun səbəbkarı olan ölkə kimi xarakterizə etdi. Xüsusilə də İranın Suriyada,
Livanda, İraqda və Yəməndə həyata keçirdiyi məzhəpçi siyasətin doğurduğu təhlükələrdən,
iranlı silahlıların bölgədə sabitliyin və təhlükəsizliyin pozulmasının əsas
qaynağı olduğundan bəhs etdi.

Bəzi ehtimallara görə ABŞ-ın İranla
bağlı siyasətinə Türkiyənin ehtiyyatlı davranması və qarşıdurmalara səbəb
olacaq proseslərə dəstək verməyəcəyi bəlli olub. Türkiyə öz təhlükəsizliyi və ərazi
bütövlüyü naminə həm İranla, həm də Rusiya ilə balanslı siyasətinə sadiq
qalacağını ifadə edib. Çox güman ki İran da öz növbəsində Rusiya ilə hərbi-siyasi
əməkdaşlığını genişləndirməyə cəhd edə bilər. Regionun yeni gərginliklərə istiqamət
götürəcəyi istisna edilmir. Rusiyanın resurslarının tədricən tükəndiyini nəzərə
alsaq, bu nüfuz mübarizəsində kimin məğlubiyyətə uğrayacağını yaxın dövrdə proqnoz
etmək çətin olmayacaq.