Türkiyə
ilə Almaniya arasındakı gərginləşən münasibətlərlə bağlı müzakirələrin davam
etdiyini nəzərə alaraq, bu barədə qısa fikirlərimi bölüşmək istəyirəm.
Öncə
qeyd edim ki, səbəblərinin nə olmasından aslı olmayaraq, bu gərginlik hər iki tərəfin
zərərinədir. Çox guman ki, müşahidə etdiyimiz hazırkı diplomatık böhran uzun
davam etməyəcək. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri və NATO-dakı hərbi-siyasi
müttəfiqliklə yanaşı, dərin tarixi köklərə malik yüksək insani münasibətlər də diqqətdən
qaçmamalıdır. Qarşılıqlı maraqlar, müştərək siyasi-hərbi əlaqələr və geniş
bizneslərin olması, bu iki dövləti münasibətləri yaxşılaşdırmağa vadar edəcək.
Almaniyada yaşayan milyonlarla türk Almaniya iqtisadiyyatına töhfə verdiyi kimi,
istirahət üçün əsasən Türkiyəni seçən alman turistlərinin də Türkiyə
iqtisadiyyatına böyük qatqısı var. Hətta, türk-alman qarşılıqlı nigahları da
digər slavyan xalqları ilə müqayisədə daha çoxdur.
Almaniya-Türkiyə
münasibətlərini gərginləşdirən səbəbləri anlamaq üçün son illər baş verən bəzi proseslərə
diqqət çəkmək doğru olar. Orta Şərq böhranı ilə başlayan yeni dönəm Avropada nəzərəçarpan
həyəcan yaratmaqdadır. İstər qaçqın axını, istərsə də radikal islam təhlükəsi Avropanın
yerli hökumətlərini sərt addımlara vadar edir. İslam pərdəsi altında törədilən
və çoxsaylı insan itkilərinə səbəb olan terror aktları cəmiyyətdə radikal əhval-ruhiyənin
artmasına rəvac verib.
Konkret
olaraq Almaniya-Türkiyə əlaqələrinə kölgə salan addımlar daha çox alman tərəfinin
davranışlarında özünü göstərib. Türkiyənin PKK terroru ilə mübarizəsi həlledici
mərhələyə qədəm qoyanda Almaniyadan gələn bəyanatlar və davranışlar türklər
üçün gözlənilməz oldu. Qarşılıqlı ittihamlara yol açan bu davranışların
ardından PKK-nın alman şəhərlərində etiraz aksiyalarına və toplantılarına imkan
yaradılması Türkiyəni daha da qıcıqlandırdı. Xüsusilə də Türkiyənin Almaniyanı PKK-ya açıq dəstək
verməkdə ittiham etməsi ilə münasibətlər bir az da pisləşdi. Ardınca, 2016-cı
ilin iyun ayında Almaniya Federal Məclisinin 1915-ci il hadisələrini
"soyqırım" kimi xarakterizə edən qanun layihəsini qəbul etməklə münasibətləri
bir az da gərginləşdirdi. Türkiyə bu qərara cavab olaraq almaniyalı
deputatların İncirlik bazasındakı alman əsgərlərini ziyarət etmələrinə icazə
verməməsi yaşanan gərginliyin daha da artmasına səbəb oldu.
Ötən
ilin 15 iyulunda Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişindən sonra
Almaniyanın Köln şəhərində türklərin keçirdiyi “dəstək” nümayişində prezident Ərdoğanın
video müraciətinin yayılmasına icazə verilməməsi münasibətləri daha da gərginləşdirdi.
2016-cı ilin noyabr ayında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağın
həbs olunmasına alman nümayəndələrinin sərt münaibəti isə Ankarada əlavə
narahatlığa yol açdı.
Ümumiyyətlə,
Türkiyə ilə mədəni əlaqələr elə bir mərhələyə gəlib çatıb ki, artıq Türkiyənin
daxili siyasəti Almaniyaya da daşınıb. Əksər Avropa şəhərlərində qızğın
referendum təbliğatının aparılması yerlərdə ciddi psixolji narahatlıq yaşatmaqdadır.
Türk siyasətçilərinin öz seçiciləri ilə görüşmələrinə imkan verilməməsi qərarı həm
də bu amillə bağlıdır. Türkiyə iqtidarına mənfi münasibətdən doğan bu qərarlara
qarşı kəskin etirazlar gələcəkdə siyasi münasibətlərə təsirsiz ötüşməyəcək. Türkiyə
ilə gərgin münasibətlərin yaradacağı islamofobiyanın, anti-türkçülüyün və
irqçiliyin zərərini Avropa da çəkəcək. Türkiyə ilə Almaniya arasında maraq müxtəlifliyinin
getdikcə dərinləşməsi də iki ölkə münasibətlərində gərginliyə əsas verir.
Baş
verən olayların çağdaş siyasi səbəbləri ilə yanaşı, həm də dərin tarixi köklərə
bağlı psixoloji amilləri də qabarıq görünür. Avropanın Türkiyəyə ənənəvi baxışı
dəyişməlidir. Türkiyənin artıq üçüncü dünya dövləti olmadığını qəbul etmələri
vacibdir. Regionda baş verən siyasi-hərbi münaqişələr, ABŞ-ın Orta Şərq siyasəti,
Rusiya-Türkiyə əməkdaşlığının yeni məzmun alması Türkiyənin rolunu getdikcə
artıracaq. Təsadüfi deyil ki, Türkiyənin hazırkı xarici siyasət kursu bir hakim
siyasi qüvvənin deyil, həm müxalifətin, həm də toplumun əksər kəsiminin iradəsini
ifadə edir. Odur ki, bu siyasətin ardıcıl və dönməz xarakter alacağı qənaəti
getdikcə güclənməkdədir.
Son
olaraq qeyd edim ki, Türkiyə ilə Avropa münasibətlərindəki gərginlik
referendumdan sonra tam ortadan qalxmasa da, zəifləyəcək. ABŞ və İngiltərənin
Türkiyə ilə əlaqələrini dərinləşdirmək istiqamətində niyyətləri, Rusiyanın
Türkiyə ilə əməkdaşlığa önəm verməsi Türkiyə üçün yeni dönəmin başlandığını göstərir.
Məncə, yeni beynəlxalq siyasət doktrinasında qloballaşmanın yaxın illərdə qismən
arxa plana keçdiyini və regional güclərin rolunun qabardığını da müşahidə edəcəyik.
15 mart 2017-ci il.
Hiç yorum yok:
Yorum Gönder