Vitse-prezidentlərin
təyinatı ölkədə demokratik dəyişikliklərə səbəb olacaqmı?
Konstitusiyaya
edilən əlavə və dəyişikliklərdən sonra yeni prezident və parlament seçkilərinin
olacağ ilə bağlı bir müddət geniş müzakirə aparılsa da, ölkə prezidentinin “yeni
seçki olmayacaq” bəyanatından sonra bu mövzu gündəmdən çıxdı.
Lakin, vitse-prezidentlərin
təyinatı ilə bağlı gözləntilər qalırdı və ölkənin əksər düşüncəli şəxslərinin
analizlərində irəli sürülən ehtimallar nəhayət dünən özünü doğrultdu. Xüsusilə
də iqtidar komandasının təbliğat tezislərində vitse-prezidentlik institutunun tətbiqi
ilə ölkədə əsaslı dəyişikliklərin olacağı istiqamətində gözləntilər davam edir.
Referendumdan
keçən beş ay müddət ərzində
iqtidarın bu gözlənilən addımı atmaması xeyli suallar doğurmuşdu. O suallar ətrafında
təfərrüatlara varmadan deyə bilərik ki, burada daxili və xarici amillərin rolu
istisna deyildi. ABŞ-da keçirilən seçkilərdən sonra beynəlxalq siyasət müstəvisində
gözlənilməz proseslərin başlayacağı ehtimalı indi az şübhə doğurur. Hətta
ABŞ-la Avropa Birliyinin, Rusiyanın, Çinin və Orta Şərqin yeni münasibətlər
sisteminə qədəm qoyacağını proqnozlaşdırmağa əsas verən qərarlar, bəyanatlar və
müzakirələr də genişlənməkdədir.
Təsadüfi
deyil ki, adı çəkilən regionların bir sıra dövlətlərində artıq idarəetmənin təkmilləşdirilməsi
prosesi başlayıb. Xüsusilə də dövlət-idarəçilik konyukturasında yeni prinsiplərin
müzakirəsi gündəmdədir. Dünyadakı geosiyasi prosesləri incələsək görərik ki, Azərbaycan
sabit görünsə də əslində yaxın illər üçün gözlənilməz təlatümlərdən, gərginliklərdən
sığortalanmayıb. Belə bir situasiyada Azərbaycan iqtidarı da özünəməxsus
hazırlıqlar aparır. Bu hazırlıqlar hakimiyyət komandasının daxilindən başlayıb,
beynəlxalq tərəfdaşlarla münasibətlərə qədər geniş bir yanaşmanı əhatə edir.
Ölkəmizdə
azadlıqların həm qanunvericilik həm də praktik baxımdan sistemli məhdudlaşdırılması
xeyli müddətdir ki, hüquq böhranı yaradıb. İdarəetmənin bütün pillələrində
hüquq pozmalar adi hala çevrilib. Xüsusilə də məhkəmə instansiyalarında bu kimi
hallar daha da dözülməz şəkil alıb. Son vaxtlar cəmiyyətdəki rastlaşdığımız
neqativlər də hüquq böhranının nəticəsidir.
Hüquq
böhranından əziyyət çəkən cəmiyyətə sosial-iqtisadi böhranın da əlavə olunması
durumu daha da ağırlaşdırıb. Bir tərəfdən hüquqları əlindən alınan insanlar digər
tərəfdən də yoxsulluqla, işsizliklə baş-başa qalıb. Cəmiyyətiçi münasibətlər
sistemi tamamilə zədələnib. Fərdi münasibətlərdən tutmuş dövlət-vətəndaş
münasibətlərinə kimi hər sahədə etimadsızlıq, güvənsizlik və ümidsizlik hökm
sürür.
Hökumətin
böhranla mübarizə tədbirləri adı altında etdiyi bütün cəhdlər səmərəsiz olmaqla
yanaşı, həm də əlavə problemlərə yol açır. Artıq yeni bir böhranlı durumla idarəetmə
sistemi də üzləşib. Kosmetik addımları özündə etiva edən qanunların, fərman və
sərəncamların nizamlayıcı gücü nəzərə çarpmır. Verilən qərarların qısa zaman içərisində
dəyişdirilməsi və ya da dayandırılması adi hala çevrilib. Göründüyü kimi idarəetmə
böhranı da dərinləşməyə doğru istiqamət götürüb.
Durumun
bu qədər mürəkkəbləşməsi irimiqyaslı siyasi böhrana tezliklə keçməsə də, ölkədə
yeni situasiyanın yaranmasını qaçılmaz edə bilər. Gəlirlər azalır, oliqarx-məmur
biznesi ilə möhkəmləndirilən idarəçilik sistemi çökür və əhalinin iqtidara
etimadı getdikcə sarsılır. İndiyədək tətbiq edilən “ənənəvi siyasət doktirinası”nın
artıq işə yaramadığını anlayan iqtidar, idarəetməyə yeni yanaşma gətirmək məcburiyyətindədir.
İqtidar
komandası cəmiyyət qarşısında elə bir nüfuz itkisinə məruz qalıb ki, istənilən
dövlət qulluqçularının danışıqları və davranışları dərhal ictimai qınaq yaradır.
Əhalini psixoloji baxımdan sakitləşdirmək gücü olan idarəçilərin azlığı da
hakimiyyət üçün ciddi təhlükələrdən birinə çevrilib. Dövlət orqanlarında təmsil
olunan şəxslər vətəndaşları kütləvi şəkildə narazı salıb. Çox güman ki, iqtidar
mənsubları məhz belə bir məqamda nüfuzdan düşmüş hökumət üzvləri ilə xalqı
hansısa “işıqlı gələcəyə” inandıra bilməyəcəklərini də anlayır.
Beynəlxalq
və yerli demokratik ictimaiyyətin bu təyinatı xoş qarşılanmayacağını bildiyi
halda, prezidentin belə bir addımı atmasının hansısa ciddi səbəbləri ola bilər.
İlk baxışda hakimiyyət üçün uğurlu hesab edilən bu addımın bir müddət sonra əks
effekt verə biləcəyi də istisna deyil. Prezident öz ətrafındakı siyasi
komandaya etimad göstərmədiyini nümayiş etdirməklə, ölkənin ağır dönəmində
siyasi məsuliyyəti tamamilə öz ailəsinin üzərinə götürüb. Prezidentin ailə üzvlərinin
idarəetmədəki faktiki səlahiyyətləri nəhayət qanuni şəkil alaraq hüquqi məsuliyyətə
çevrilib. İqtidardaxili maraqların vitse-prezidentlərin təyinatı ilə balanslaşdırılması
mümkün olsa da, effektli idarəçiliyə bəslənən ümidlər qısa müddət sonra yox
olacaq.
Müxalifətin
bu təyinata münasibəti əsasən mənfidir və onların təəccübünə səbəb olmayıb. Çünki,
idarəetmədə mövcud status-kvonun şəkli dəyişsə də mahiyyəti dəyişməyib. Odur
ki, yaxın vaxtlarda müxalifətin xüsusi olaraq bu istiqamətdə ciddi etirazlara
başlayacağı gözlənilmir. Hakimiyyətin mövsümi təbliğat tezislərinə uyaraq qismən
ümidlənən cəmiyyətdən də açıq etirazlar olacağı inandırıcı deyil.
Total
təbliğatın təsirinə salınmış insanları sosial şəbəkələr tədricən ayıldır. Bu
proses sürətli getməsə də qalıcı izlər qoyur. İnsanlar arasından çox azsayda
hökumətə ümid edənlər qalıb. Düşünmək imkanı olan şəxslər görür ki, hökumət
xalqı daha da ağır duruma aparır. İqtidar atmağa çalışdığı bütün nizamlayıcı
addımlarla cəmiyyətin problemlərini daha da dərinləşdirir. Deməli, cəmiyyəti
uzun müddət manipulyasiya etmək asan olmayacaq. Ola bilər ki, hökumət yaxın
vaxtlarda sosial şəbəkələrlə bağlı da məhdudiyyətlərə cəhd etsin.
Hakimiyyət
vitse-prezidentlərin təyinatı ilə gerçək islahatlara başlamağı hədəfləyirsə,
ilk növbədə siyasi məhbusları azad etməli və yeni seçki qanunvericiliyi qəbul edərək
demokratik parlament seçkiləri keçirməlidir. Əks halda islahatlara bəslənən
ümidlər özünü doğrultmayacaq. Müxalifət qurumları da iqtidarın mövsümi
strategiyalarına uymamalı, sistemli olaraq öz hədəflərinə hazırlaşmalıdır. İdarəetmədə
təməl siyasi dəyişiklik olmadan ölkədə müsbət dəyişikliklərdən danışmaq çətin
olacaq.
22 fevral 2017-ci il
Hiç yorum yok:
Yorum Gönder