“Azərbaycan Xalq Cümhuriyyəti İli” nə ilə yadda
qaldı?
Ölkə prezidenti Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”
elan etmişdi. Qısa müddət sonra, 2018-ci il yanvarın 10-da bu barədə rəsmi Sərəncam
da imzalandı. Həmçinin, prezidentin 2017-ci il 16 may tarixli 2867 saylı “Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən, Nazirlər
Kabinetinə həm ölkəmizdə həm də xaricdə müvafiq tədbirlər planının hazırlanıb həyata
keçirilməsi tapşırılmışdı. Artıq il sona yaxınlaşır, “Cümhuriyyət İli” hansı tədbirlərlə
yadda qaldı?
Öncə qeyd edim ki bu qərar cəmiyyətin əksəriyyəti tərəfindən
müsbət qarşılanan azsaylı qərarlardan biri idi. Çünki ölkəmizin fəal və siyasi
təfəkkürü formalaşan insanları üçün cümhuriyyət dəyərləri ən müqəddəs
ictimai-siyasi dəyərlər sistemidir. Xalqımızın tarixi yaddaşında dərin izlər
buraxan, altşüurumuzda uzun illər əlçatmaz arzu kimi yaşayan cümhuriyyət dəyərləri
bu günümüzə qədər gəlib çatdı. Nə qanlı sovet repressiyaları, nə də qondarma
kommunizm ideyaları onu unutdura bilmədi. İlk fürsətdə xalqımızın fədakar
övladları bu arzunu ağır itkilər bahasına olsa da yenidən reallığa çevirə
bildilər.
Cümhuriyyətin siyasi-psixoloji təsirlərini 100
illik yubley ilində effektli istifadə edə bildikmi?
Bununla bağlı düşüncələrimi üç istiqamətdən nəzərinizə
çatdırmaq istəyirəm.
Birincisi, tarixi baxımdan qiymətləndirmə etsək, bütün dövrlərlə
müqayisədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ən nəhəng tarixi nailiyyətimizdir.
AXC şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik
respublika quruluşunu yaradan, tarixi fürsətdən yararlanıb istiqlaliyyətimizi elan
edən, xalqımızın müstəqillik əzmini dünyaya çatdıran siyasi fenomendir. Xalq
Cümhuriyyətinin tarixini dərindən öyrənmədən, onun dəyərlərini mənimsəmədən
dövlətçilik tariximiz haqqında yeni nəsilin aydın təsəvvürü və milli ruhu ola
bilməz.
Təəssüf ki bu istiqamətdə dövlət səviyyəsində geniş
imkanların yaradıldığının şahidi olmadıq. Əksinə, bu il Prezidentinin İşlər
İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan tarixi sənədlər AXC-ni araşdıran tədqiqatçıların
üzünə bağlandı. Xüsusi ilə 1918-ci ilin
mart-aprel hadisələrini, o dövrdə respublikada milli məsələləri öyrənmək istəyən
tədqiqatçılara qanunsuz olaraq bu arxiv materiallarından istifadəyə müəyyən məhdudiyyətlər
qoyuldu. Sanki hökumət bu barədə sanballı tarixi əsərlərin yazılmasında maraqlı
deyil.
İkincisi, xalqımızın siyasi şüur səviyyəsini göstərən,
tarixi, intellektual və mədəni potensialını ifadə edən, yüksək istedad və
qabiliyyətini üzə çıxaran çox qiymətli mirasdır. Cəmiyyətiçi sosial-siyasi
münasibətlər sisteminin şəffaflığı və etibarlılığı da məhz AXC-ni ən ali siyasi
dəyərə çevirməyimizdən keçirdi.
Ölkədə çoxpartiyalı siyasi sistemə meydan açılması,
150-dən çox siyasi məhbusların hamılıqla azad edilməsi, mətbuat, söz və ifadə
azadlığını təmin etmək kimi addımların atılması olduqca vacib idi. Məhz 2018-ci il 11 apreldə növbədənkənar
prezident seçkisinin demokratik keçirilməsi “Cümhuriyyət ili”nə ən yaxşı siyasi
töfhədən biri ola bilərdi. Təəssüf ki bu fürsətlər qaçırıldı.
Üçüncüsü, beynəlxalq münasibətlər baxımından məsələyə
yanaşma idi.
AXC-ni dünyaya tanıtmaqla ölkəmizin və xalqımızın
çağdaş tarixi barədə dolğun münasibət yarada bilərdik. Xalqımızın bu nailiyyətinin
müsəlman-şərq xalqlarına bir örnək olduğunu, müstəmləkəçilikdən xilas olmağın
yollarını göstərdiyi, dünyəvi dövlət modelini 100 il öncə nümunə kimi təqdim
etdiyini beynəlxalq ictimaiyyətə faktlarla çatdırmaq mümkün idi.
Eyni zamanda Avropanın bir çox ölkələrindən xeyli
öncə qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına,
insanlıq adına böyük töhfə verdiyimizi təqdim edə bilərdik.
Xüsusi ilə də Qarabağ probleminin həlli baxımından
ölkəmizin daim müsbət beynəlxalq imicə ehtiyacı olduğunu unutmamalıyıq. AXC-nin
100 il öncə nail olduğu demokratik dəyərləri bu gün hökumət öz korparativ
maraqlarına görə məhdudlaşdırıb. Hətta beynəlxalq arenada belə bir rəy
yaratmağa çalışırlar ki, xalqımız demokratik dəyərlərə hələki hazır deyil. Təəssüf
ki ölkəmiz bütün beynəlxalq hesabatlarda insan hüquq və azadlıqlarının durumuna
görə “Qeyri Azad” ölkə statusu alıb.
Hakimiyyətin 2018-ci ili “Cümhuriyyət ili” elan
etdiyinin səbəbləri nə idi?
Bu qərarın qəbulunun hansı zərurətdən irəli gəlməsi
ölkə ictimaiyyəti üçün sirr deyildi.
Aydındır ki, hakimiyyətdə olan qüvvələrin Xalq
Cümhuriyyətinə baxışı cəmiyyətin fəal kəsimi tərəfindən mütəmadi olaraq
narahatlıqla qarşılanıb. Açıq görünür ki iqtidar bu tarixi nailiyyətə
anlaşılmaz bir qısqanclıqla yanaşır və ya ümumiyyətlə o dövrdən çox az
danışmağa üstünlük verir.
İqtidarın indiyə kimi müşahidə edilən
davranışlarını analiz etsək, belə görünür ki, AXC-nin 100 illiyində bu addımın
atılması ictimai məcburiyyətdən doğub. Nəticə göstərdi ki bu qərar ictimai
qınaqdan yayınmaq naminə sadəcə konyuktura idi. Cəmiyyətin nüfuzlu fəal kəsiminin
və ictimai-siyasi qurumların cumhuriyyət dəyərlərinə sadiqliyi, Məhəmməd Əmin Rəsulzadəyə
və silahdaşlarına olan sonsuz rəğbəti, habelə beynəlxalq aləmin münasibəti
hökuməti belə bir qərarı qəbul etməyə məcbur etmişdi.
Əgər iqtidar maraqlı olsaydı bu qərar ölkənin
ictimai-siyasi həyatına çox müsbət və əhəmiyyətli müzakirələr gətirməsi
baxımından yadda qala bilərdi. Ölkədə sağlam siyasi mühit yaratmaq mümkün idi.
“Cümhuriyyət İli” nə ilə yadda qaldı?
Tariximizə damğasını vuran elə önəmli olaylar var
ki, onlara hansısa vaxt intervalında yanaşmaq və yalnız həmin günlərdə
xatırlamaq doğru olmaz. Bunlardan birincisi Xalq Cümhuriyyətinin yaranmasıdır. AXC-nin
adının əbədiləşdirilməsi, silsilə tədbirlərin keçirilməsi üçün heç də 2018-ci
ili gözləmək lazım deyildi.
27 ildir müstəqilliyimiz bərpa edilib, ancaq AXC dəyərlərinin
dərindən mənimsənilməsi üçün heç bir ciddi addım atılmayıb. Cümhuriyyəti quran
mütəfəkkirlərin adı çox xəsisliklə əbədiləşdirilib. Hətta M.Ə.Rəsulzadənin 130
illiyi münasibətilə adının əbədiləşdirilməsi və tədbirlərin keçirilməsi ilə
bağlı prezidentin imzaladığı 22 noyabr 2013-cü il tarixli sərancamı da kağız üzərində
qalıb.
Bu gün ölkəmizdə nə “Cümhuriyyət Muzeyi”, nə də
onun banilərinin abidəsi var. Xalqımıza mayak ola biləcək bir tarixi dəyəri
doğrudanmı yalnız onun 100 illiyində ötəri xatırlamaq lazım idi?
Görünən budur ki AXC-nin 100 illiyi ilə bağlı tədbirlər
keçirmək üçün yalnız hüquqi qərar yetərli olmadı, həm də siyasi iradə lazım idi.
Unutmamalıyıq ki son illər müxtəlif məsələləri
özündə əks etdirən, müxtəlif mövzularda elan edilən “İlləri” yola salmışıq.
Ancaq bu elan edilən “İllər” cəmiyyətdə hansısa nəzərəçarpan nəticə ilə yadda
qalmayıb. Sadəcə olaraq son dövrlər bu metod hakimiyyətin təbliğat maşınının əsas
elementlərindən birinə çevrilib. Təəssüf ki “Cümhuriyyəti İli”də belə
imitasiyadan biri kimi yadda qalacaq.
Hökumət 28 may “Respublika Günü” Bakının Novxanı kəndində
yolları bağlayaraq M.Ə.Rəsulzadənin abidəsini ziyarət etməyə gələn Milli Şura və
digər müxalifət partiyalarına süni əngəllər yaratdı. Şəhərin mərkəzində gəzintiyə
çıxan REAL partiyasının üzvlərinə və rəhbərlərinə, habelə, ictimaiyyət nümayəndələrinə
qarşı inzibati həbslər həyata keçirdi. Dinc bayram tədbirlərini pozaraq süni gərginlik
yaratdı.
Avropa ölkələrində AXC-nin 100 illiyi münasibəti ilə
ciddi elmi-nəzəri konfranslar, diskussiyalar, flaş-moblar keçirmək əvəzinə, bir
neçə ölkədə soydaşlarımızı otel zallarına toplayıb əhəmiyyətsiz iclasların
keçirilməsinin şahidi olduq. Eyni zamanda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının, Gənclər Fondunun “Cümhuriyyət
ili” məqsədilə maliyyələşdirdiyi layihələrdən hansısa yadda qalan ən kiçik
epizoddan belə ictimaiyyət xəbər tutmadı.
Cümhuriyyətin 100 illiyində iqtidarın cəmiyyətə ən
böyük töhfəsi nə ola bilərdi?
Qarabağın işğaldan azad edilməsi, sosial-siyasi sahədə
ciddi islahatların başlanması, demokratik seçkilərin keçirilməsi, siyasi məhbusların
azad olunması və ölkədə mövcud olan çox dərin problemlərin həll edilməsi. “Azərbaycan
Xalq Cümhuriyyəti İli” yalnız sadaladığım bu problemlərin həll ilə tarixin
yaddaşında qala bilərdi.
Son olaraq, Cümhuriyyət dəyərlərinin öyrənilməsi və
mənimsənilməsi dövlətlə yanaşı hər bir sahədə çalışan fəal insanların da ən əsas
mənəvi vəzifəsi olmalıdır. Təəssüf ki bu istiqamətdə də vətəndaşlarımız çox
passivdir. Dövlətin siyasi iradəsi nəzərə çarpmadığına görə çoxsaylı yaradıcı
insanlar bu barədə müstəqil təşəbbüslərdən yayınırlar. Sanki xüsusi təlimat
olmadan bu mövzuya müraciət etməyə çəkinirlər.
Hiç yorum yok:
Yorum Gönder