Cəmiyyətimizin hazırkı real mənzərəsi sabit görünsə də, ölkə vətəndaşlarına olduqca təhlükəli gələcək vəd edir. İnsanların ictimai-siyasi təşəbbüslərə və öz hüquqlarına laqeydliyi, bir-birinə etimadsızlığı elə geniş miqyas alıb ki, onu sözlə ifadə etmək çox çətindir. İdarəetmənin yaratdığı mühitdən qaynaqlanan bu mənfi tendensiya müsbət ənənələrin qismən də olsa yaşadığı kənd yerlərində də artıq çox sürətlə pisləşməyə doğru gedir. Bu qorxulu gedişi necə durdurmaq, hansı zəruri addımları atmaq barədə çağırışlara hökumətin göstərdiyi etinasız münasibət təəssüf ki, tədricən fəal insanların da əlini işdən soyudur.
Kəndlərimizdə mövcud olan sosial-psixoloji münasibətlər sistemi hər zaman qanunlarla yanaşı həm də ənənələrə söykənən ailə, qohum, tayfa əlaqələrindən qaynaqlanıb. Hər bir çətinlik və ya hansısa iş zamanı qarşılıqlı yardımlaşan insanlar indi bu əlaqələri yalnız xeyir-şər olayları ilə məhdudlaşdırıb. Bu amilləri yaradan səbəblər müxtəlif olsa da, mənfi təsirlərinin nəticəsi eynidir. Müasir kommunikasiyanın və elektronikanın yaratdığı yeni mühitlə yanaşı, efirlərin “reytinqli” bayağı verilişləri, qeyri-peşəkar təbliğat və topluma aşılanan “mədəniyyət”, teleserial “terroru”, habelə anti-demokratik idarəetmənin fəsadları birlikdə özünü göstərir.
Kəndlərin ictimai-siyasi mənzərəsi də şəhərlə müqayisədə daha acınacaqlıdır. 15 ildən artıqdır ki, kəndlərimizə bir dənə də olsun müstəqil və müxalif qəzetlər gətirilmir. Əhaliyə asan çatan informasiya mənbələri olan televiziyalar isə tamamilə hökumətin nəzarətindədir. Efirlərin təqdim etdiyi məlumatlar yalnız birtərəfli qaydada hökumətin siyasətinə xidmət edir. Alternativ məlumat almaq imkanı məhdud olan əhali ictimai-siyasi dünyagörüşdən və müzakirələrdən xeyli uzaqlaşıb. Məşğuliyyəti olmayan kişilər də təəssüf ki, bütün günü çayxanalara yığışıb domino və nərd oynamaqla vaxt keçirirlər. Kənddə heç bir ictimai faydalı işlə məşğul ola bilməyən gənc və orta yaşlı insanlar tədricən özünün sosial əhəmiyyətini də itirir.
Kəndlərin çoxunda artıq elə bir vəziyyət hökm sürür ki, insanlar dolanışığını yaxşılaşdırmaq üçün hətta az-çox əllərində olan imkanlardan belə istifadə etmək istəmirlər. Çünki zəhməti çox, gəliri isə cüzi olan işlərə sərf edilən əmək bəzən heç bir ailənin illik ehtiyatını toplamağa da yetərli olmur. Hökumətin səmərəsiz fəaliyyətindən ümumi narazılıq edən böyük çoxluq əsasən bu duruma etiraz etmək məqamı çatanda nədənsə gözdən itirlər. Təzadlı olan budur ki, ən çox qorxuya yoluxmuş insanlar itirməyə heç nəyi olmayanlardır. Əhalidə elə bir psixoloji vəziyyət hökm sürür ki, istənilən ictimai-siyasi təşəbbüslərə də qeyri-ciddi münasibət göstərilir. Yerli icra hakimiyyətindən tam asılı olan, heç bir yerli problemi həll etməyə qadir olmayan bələdiyyələrə də etimad qalmayıb.
Hətta bir-biri ilə qohum olan insanlar da birgə işləməyə, birgə etiraz etməyə, birgə nəticə almağa cəhd etmirlər. Sadə insanlarda bir-birinə və dövlətin strukturlarına qarşı şübhə, inamsızlıq, güvənsizlik müşahidə edilir. Sakinlər tərəfindən kollektiv yerli təşəbbüslər də yox səviyyəsindədir. Dolanışıq qayğılarından başqa heç bir mövzuda müzakirəyə meyl qalmayıb.
Bir haşiyə çıxaraq qeyd edim ki, aprel döyüşləri zamanı ermənilərlə təmas xətti boyunca məskunlaşan kənd və qəsəbə sakinlərinin, habelə 30-40 kilometr uzaqlıqda yerləşən rayon əhalisinin reaksiyası da ciddi narahatlıq doğururdu. O zaman müəyyən səbəblərdən bunu yazmaq mədsədəuyğun olmasa da, indi qeyd etməyi zəruri hesab edirəm. Yerli əhali 1993-cü ildə daha ağır şərtlər altında qalsa da təmkinli davrandığı halda, aprel əməliyyatları zamanı həmin əhali daha böyük təşviş və vahimə içərisində ev-eşiyini tərk edirdi. Nə rəsmi məlumatların mötəbərliyinə etibar edən var idi, nə də yerli məmurların çağırışlarına məhəl qoyan.
Yerlərdə idarəçilər yalnız öz ailələrinin büdcəsini artırmaqdan və onların qayğısına qalmaqdan savayı heç bir ümumi fəaliyyətə cəhd etmirlər. Əhali arasında səlahiyyət sahiblərinin ictimai nüfuzu yox səviyyəsində olsa da, bu amil o məmurları qətiyyən narahat etmir. Əhalinin güzəranını yaxşılaşdırmaq, dövlət-vətəndaş münasibətlərində etimad yaratmaq düşüncəsində olan tək bir məmura belə rast gəlmək mümkün deyil. Gündə bir-iki saat dövlət işlərinə vaxt sərf edən yerli məmurlar qalan vaxtlarda əlindəki imtiyazdan yararlanaraq öz biznesini, təsərrüfat işlərini idarə edirlər.
Kəndlərdə nə bir xeyriyyəçi fərd, nə də təşkilat var. Bu ənənə kəndlərdə yox olmaq həddindədir. Əgər kimsə ümumi faydalı bir iş görmək istəsə, yerli hakimiyyət nümayəndələri dərhal bu işə şübhə ilə yanaşır və belə təşəbbüslərin qarşısını müxtəlif bürokratik əngəllərlə kəsirlər. Yerli idarəetmə strukturları sanki əhalinin əlinə və ayağına keçirilmiş “qandala” bənzəyir. Böhranın yaratdığı sosial durumun kənd və rayon əhalisini inzibati buxovdan xilas edəcəyi də inandırıcı görünmür.
Belə bir yerli idarəçiliklə kənd təsərrüfatı layihələrinin uğur qazanma etimalı da sıfıra bərabərdir. Yerli dövlət qurumları zəhmətkeş insanlara dəstək olmaq əvəzinə onlara qənim kəsilib. İş ardınca şəhərlərə üz tutan insanlar da artıq iş tapa bilmədikləri üçün kəndlərə qayıdır və yerlərdə böyük bir işsizlər ordusu yaranmaqdadır. Bir az taqəti və pulu olan əhali tədricən biznes mühitinin əlverişli olduğu qonşu ölkələrə üz tutsa da, böyük çoxluq çarəsizlik içərisində ümidini mücərrəd gələcəyə bağlayıb. Bu hal uzun müddət belə davam edə bilməz. Hökumət təcili tədbirlər həyata keçirməsə, kəndlərdə yoxsulluq daha da artacaq.
25 oktyabr 2016
Hiç yorum yok:
Yorum Gönder