Məsuliyyətsizliyin faciəli sonluğu, yoxsa
başlanğıcı?
Müharibə və terror cəmiyyəti düşmənə
qarşı səfərbər edir
Müstəqillik əldə etdikdən sonra
bir çox uğurlarımızla yanaşı, uğursuzluqlarımız və faciələrimiz də olub.
Qarabağda yaşadığımız faciələri, Bakı şəhərində törədilən qanlı terror
hadisələrini xarici düşmənlərimizin vurduğu amansız yaralar kimi qəbul etmiş və
düşməni sevindirməmək üçün bir-birimizə sarılmışıq. Vətəndaşlarımızın
təhlükəsizliyini lazımı səviyyədə təmin etmədikləri və ya edə bilmədikləri üçün
hökuməti tənqid etsək də, cəmiyyətimizin düşmənə qarşı səfərbər olmasından
təsəlli tapmışıq.
Təbii fəlakətlər və qəzalar
problemləri ortaya çıxarır
Təbii fəlakətlərdən, kütləvi
insan itkiləri ilə nəticələnən qəzalardan və ya hansısa ehtiyyatsızlıqdan baş
vermiş təsadüfi hadisələrdən də heç bir cəmiyyət sığortalanmayıb. Belə halların
baş verə biləcəyini nəzərə alıb, insan itkilərinin olmaması və ya az olması
üçün hökumət tərəfindən öncədən zəruri tədbirlər həyata keçirilir. Hətta, bütün
zəruri tədbirlərə baxmayaraq, çox saylı insan itkisi ilə nəticələnən faciələr
baş versə belə, bu elə də ciddi etiraz yaratmır. Hər kəs anlayır ki, burada
açıq sabotaj, təxribat, məsuliyyətsizlik yoxdur. Hökumətin daha yaxşı tədbir
görməməsi tənqid olunsa da, cəmiyyət daha çox problemlərin həllinə səfərbər
olur.
Vətəndaş etimadsızlığına səbəb və ya
dövlətin təhlükəsizliyinə qarşı təxribat
Cəmiyyətə ən sağalmaz yaralar
o zaman vurulur ki, insanlar bilərəkdən təhlükə ilə baş-başa qoyulduğunu
anlayır. Daşıdığı vəzifənin məsuliyyətini dərk etməyən idarəçilərin, insan
həyatını heçə sayan qərarlara imza atdığının şahidi olur. Daha çox pul toplamaq
üçün bütün dəyərlərin tapdandığını, qanunların heçə sayıldığını müşahidə edir.
Bahalı geyinib, bahalı maşınlarda gəzən, təmtəraqlı həyat və saysız-hesabsız
mülkiyyətə sahib olmaq üçün ağlasığmaz cinayətlərə imza atan məsuliyyətsiz
idarəçilərin at oynatdığının şahidi olur. Belə faciələr təkcə məsum insanların
itkisi kimi yox, həm də cəmiyyətə vurduğu ağır yara ilə tarixə düşür. Cəmiyyət
daxili münasibətləri zədələyən, insanların qəlbində nifrət və kin yaradan,
dövlət vətəndaş münasibətlərində etimadsızlığa səbəb olan bütün neqativ
hadisələr dövlətin təhlükəsizliyinə qarşı ən böyük təxribatdır.
Belə faciələrin təkrar baş
verməsini önləmək üçün cəmiyyətin fəal kəsiminin prinsipial vətəndaş mövqeyi
ifadə etməsinə ehtiyac var. Dövlətin ciddi tədbirlər görməsi üçün vətəndaşların
ardıcıl və qətiyyətli mövqeyi ortaya qoyulmalıdır. Faciənin baş verməsinin əsil
səbəbi obyektiv olaraq araşdırılmalı, terror, ehtiyyatsızlıq və ya təsadüf
nəticəsində olduğu cəmiyyətə açıqlanmalıdır. Baş verə biləcək digər oxşar
hadisələrin qarşısını almaq məqsədilə, yanğının törənmə səbəblərini öyrənmək
lazımdır. Binaların tez alışan maddələrlə üzlənməsinə göz yummaqla, şərait
yaratmaqla çox saylı insan itkilərinə səbəb olmuş əsil günahkar şəxslər mütləq
aşkar edilməlidir. Təqsirkarlar qanun qarşısında cavab verməli və layiq
olduqları cəzanı almalıdırlar. Cəmiyyət bu cəzalandırmanın ədalətli olduğuna
inanmalı və gözdən pərdə asmaq məqsədi daşımadığına əmin olmalıdır.
Müstəqil media toplumun ən təsirli
silahıdır
Bir vacib məqama da toxunmaq
istəyirəm. Hadisə ilə bağlı rəsmi qurumların operativ informasiya verməməsini
və ya verə bilməməsini, həmçinin rəsmi informasiya orqanlarının da ləngliyinin
şahidi olduq. Əminliklə deyə bilərəm ki, bu ekstrimal hadisə ilə bağlı ictimai
rəyin yaranmasını və istiqamətləndirilməsini sosial şəbəkələr və sosial media
müəyyən etdi.
Hər bir müasir mobil telefon
istifadəçisi informasiya yayıcısı və alıcısıdır. Hadisə yerindən bütün
məlumatları birbaşa sosial şəbəkələrdən çox operativ almaq mümkün idi. Həm
şəkillər, həm video görüntülər, həm də yazılı informasiyalar çox aydın və
obyektiv təsəvvür yaradırdı.
Çox böyük maddi-texniki bazası
olan televiziyaların bu faciəni işıqlandırmasında sosial şəbəkələrə uduzduğunu
müşahidə etdik. Hətta, bəzi hallarda nəinki uduzmaq, həm də fors-major
vəziyyətdə aydın proqram siyasətinin olmaması üzə çıxdı.
Bəzi televiziya
jurnalistlərinin ehtiyyatsız ifadələri zərər çəkmiş insanları, hadisələri
izləyən sadə və vicdanlı vətəndaşları sakitləşdirmək əvəzinə qızışdırmağa
xidmət etdi. Kütləvi insan itkiləri və faciəsi zamanı televiziya
jurnalistlərinin peşəkarlığının hələ də zəif olduğunu göstərdi. Efir
tribunasından insanların kədərini, həyacanını və qəzəbini azaltmaq məqsədilə
sakitləşdirici ifadələr seçməli olan jurnalistlərin məsuliyyətsiz ifadələri çox
ciddi provakasiyalara gətirib çıxara bilər. Bu yanlışları düzəltmək üçün mütləq
müvafiq tədbirlər görülməlidir.
Televiziyalar şou məkanı kimi
əhalinin xidmətindədir
Bu yanğın baş verərkən Bakıdan
kənarda idim və xəbərləri rayonlardan izləyirdim. Müşahidə etdiyim və gəldiyim
növbəti qənaəti də sizinlə bölüşmək istəyirəm. Obyektiv informasiya qaynağı
kimi əhalinin əksəriyyətinin güvəndiyi görüntülü media qurumlarının olmaması
belə vəziyyətlərdə ağır fəsadlar verə bilər. Televiziyalara şou məkanı kimi
baxan əhali, ciddi məlumatları alternativ qaynaqlardan dəqiqləşdirməyə can
atır. Hətta, ən ucqar kəndlərdə yaşayan insanlar da televiziyalarda
gördüklərini, internetdə mövcud olan müstəqil qaynaqlardan dəqiqləşdirməklə
bilgi alır.
İzləyicilərin informasiya
almaq üçün asan çata biləcəyi televiziyalara güvəni sarsılıb. Nə hadisənin
mahiyyəti haqqında, nə səbəbləri, nə ölü, nə də yaralı sayı barədə
məlumatlarını mötəbər hesab etmir. Sosial şəbəkənin adi bir istifadəçisinin
yazdığına daha az şübhə edir, nəinki rəsmi məlumat yayıcılarına və
televiziyalara. Teleməkanın tam hökumətin inhisarında olması heç də o demək
deyil ki, ictimai rəyə hökumət nəzarət edir. Bu sahəyə yenidən ciddi tənzimləmə
gətirilməli, televiziyaların müstəqilliyi təmin edilməli və həqiqi alternativ
fikrə müstəvi yaradılmalıdır.
İdarəetmə islahatları təxirə
salınmadan aparılmalıdır
Bu vacib məqama da toxunmağı
özümə borc bilirəm. Prezidentin keçirdiyi son müşavirə ölkədə mövcud olan real
mənzərənin mahiyyətini bir daha ortaya qoyur. Rüşvət və korrupsiyanın geniş
yayılması idarə etməni ciddi şəkildə iflic etdiyindən, hər sahədə cavabdehlik
və məsuliyyət yox səviyyəsindədir. Məmur özbaşınalığı elə bir mərhələyə qədəm
qoyub ki, heç kəsin şəxsi və ailə təhlükəsizliyinə qarantiya qalmayıb. İri
miqyaslı bədbəxt hadisələr yaşanmadığı üçün hələlik hansı təhlükəli “barıt
çəlləklərinin” əhatəsində olduğumuzu bilmirik. Bəlkə də yediyimiz qidalar,
içdiyimiz sular, istifadə etdiyimiz dərman pereparatları ilə bağlı da bir gün
dəhşətli təhlükələrlə qarşılaşacağıq. Orta gücdə bir zəlzələ baş verərsə, bu
yeni tikililər bizə daha böyük faciələr yaşatmayacağına necə əmin ola bilərik?
Laqeyd vətəndaşla qulun fərqi yalnız
adındadır
Son olaraq ən narahat edici
məsələyə toxunmaq istəyirəm. Əksəriyyət vətəndaşlarımızın öz hüquqlarına biganə
olduğunu, onu qorumaq üçün heç bir təşəbbüs göstərmədiklərini, hətta hansisa
təşəbbüslərə də qoşulmadıqlarını çox yaxşı bilirik. Təəssüf ki, bu hadisə
göstərir ki, insanlarımız təkcə hüquqlarına deyil, həm də öz həyatları üçün də
laqeyddirlər. Şəxsinə birbaşa yönəlik olmayan ən qorxunc ümumi təhlükənin
içərisinə gözü yumulu daxil olur və onun acılarını yaşamaqdadırlar. İstərdim
ki, prezidentin sərəncamı ilə yaradılmış dövlət komissiyasının baş vermiş
neqativ hallarla bağlı həlledici qərarlar qəbul etməsinin şahidi olaq. Əgər
məlum olan bütün bu neqativ hallarla bağlı ciddi addımlar atılmayacaqsa, daha
qorxunc gələcək bizi gözləyir.
(Bu yazını 19 may 2015-ci ildə
Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən dəhşətli yanğından 2
gün sonra yazmışam.)
http://www.mia.az/w119473/M%C9%99suliyy%C9%99tsizliyin_faci%C9%99li_sonlu%C4%9Fu,_yoxsa_ba%C5%9Flan%C4%9F%C4%B1c%C4%B1!/
YanıtlaSilhttp://conflict.az/yazar/3559-nesimi-memmedl-laqeyd-vetendashla-qulun-ferqi-yalniz-adindadir.html
YanıtlaSil