Əksəriyyət
peşəkar siyasətçilər üçün nəticəsi öncədən bəlli olan Milli Məclisə seçkilər
artıq başa çatmış hesab oluna bilər. Seçkilərə start verilməmişdən öncə seçki
ilə bağlı real durumu analiz edərək iki yazı hazırlamışdıq. “Hakimiyyətə
açıq və gizli vəkillik edə biləcək şəxslər parlamentə “seçiləcək” ” və ”Seçkidə
iştirak, yoxsa boykot” başlıqlı yazılarda toxunduğumuz məsələlər əsasən
öz təsdiqini tapdı. Cəmiyyətin siyasi baxımdan maarifləndirilməsi işinə dəstək
vermək məqsədilə “seçki” məzhəkəsindən sonra növbəti analizimizi müzakirənizə təqdim
edirik. Bu yazı da cəmiyyət daxili münasibətlərdə rolu olmayan, ictimai təşəbbüslərdən
və siyasətdən uzaq insanlar üçün deyil, birbaşa siyasi iddiası olan,
ictimai-siyasi proseslərə maraq göstərən savadlı şəxslər üçün nəzərdə tutulub.
Cəmiyyət demokratik siyasi
fəaliyyətə qapadılır?!
Son
“seçki”nin topluma verdiyi bir neçə aydın mesaj var. Bunları aşağıdakı kimi qruplaşdırmağa
çalışaq.
1. Xalq – Artıq özünü hakimiyyətin mənbəyi hesab etmədiyini
açıq nümayiş etdirir. Zaman-zaman ölkədə mövcud olan sosial-siyasi münasibətlərə
qarışmamaqla ən dəyərsiz siyasi resurs halına gəlib. Seçki saxtakarlığının
miqyası və heç bir hüquqi dirəniş imkanlarının olmaması xalqın fəal kəsimini də
ümidsizləşdirib. Seçkilərlə hər hansı müsbət dəyişikliyə inam sarsıldığı üçün seçmək
hüququnun əlindən alınması ilə barışıb. Görünən budur ki qorxu, itaət,
ümidsizlik zolağında hələlik xalqımız özünü daha rahat və təhlükəsiz hiss edir.
Xalqın ictimai-siyasi həyatdan kənar qalan bütün təbəqələrində təslimçilik əhval-ruhiyyəsi
hökm sürür. Bununla belə, etiraza çevrilməyən olduqca geniş narazılıqlar
mövcuddur. Əhali seçkiyə yaşayışını müsbətə dəyişəcək bir vasitə kimi baxmır. Böyük
alimimiz mərhum Xudu Məmmədov 1980-ci illərin sonunda deyirdi ki, dünyada 7
möcüzə var, 8-ci möcüzə isə öz taleyinə biganə olan xalqımızdır. Təəssüf ki, böyük
alimimizin acı fəryadı bu gün də aktuallığını saxlayır.
2. Müxalifət - Sadə xalqla siyasi münasibətlərində, müxalif
düşüncəli fəal insanlarla əlaqələrində və əhali ilə iş prinsiplərində böhran yaşamaqda
davam edir. Cəmiyyəti səfərbər etmək, hərəkətə gətirmək və siyasi gücünü
artırmaq üçün müxalifətin yeni tezislərə və təşkilati islahatlara ciddi
ehtiyacı var. Anti-demokratik rejimlərlə mübarizədə siyasi fəaliyyətin müstəvisi
partiyalar və siyasi bloklarla məhdudlaşmır. Siyasi partiyalar əsasən
demokratik cəmiyyətin siyasi elementi olduğu üçün anti-demokratik mühitdə
uğurlu nəticəyə nail ola bilmir. Partiya və bloklardan kənar siyasi mübarizə
üsulları mövcud olsa da, müxalifətin səyi nəticəsində hələlik ölkəmizdə yalniz
demokratik mübarizə formaları geniş yayılıb. Cəmiyyətdə mübarizənin daha geniş
forma və sərhədləri hələlik nəzərdən keçirilmir. Demokratik proseslərə birmənalı
istiqamət vermək gücündə olmasa da, artıq müxalifətin rəngarəng tərkibi arasında
lokomotiv təşkilat müəyyənləşib. Xalq müxalifətə açıq dəstək verməsə də, daha
çox onların mövqeyini nəzərə alır. İqtidarın son “seçki” siyasətindən ən az
ziyan çəkən tərəf də məhz müxalifətdir.
3. İqtidar -Xalqın siyasi fəallığını və seçim azadlığını özü
üçün ciddi təhlükə hesab edir. Ən yüksək səviyyədə bəyan olunan iradə onu göstərir
ki, hakimiyyətin seçki siyasəti və idarəetmədə sərgilədiyi yanaşma təsadüfi
deyil. Görünən budur ki, iqtidar tərəfindən azadlıqların daha da məhdudlaşdırılmasına
cəhdlər davam edəcək, müxalifətin demokratik siyasət müstəvisində əl-qolu daha
da bağlanacaq və öz ətrafında güc həlqəsini daha da artırmaq istiqamətində
addımlayacaq. Qaşıdakı dönəmdə cəmiyyətin demokratik siyasi fəaliyyətə qapadılması
siaysəti daha kəskin davam edəcək. İqtidar MSK-nın qərarı ilə rəsmən “seçki”nin
qalibi elan edilsə də faktiki uduzduğunu anlayır, cəmiyyəti və beynəlxalq
ictimaiyyəti qarşısına alaraq demokratik müstəvidən tamamilə imtina edir.
“Seçki” aydınlaşdırdı
ki...
Seçkilərə
start verilməsi ilə eyni zamanda “seçiləcək” şəxslərin siyahısı da topluma bəlli
idi. İstisnalar olsa da siyahıda adları keçən şəxslər əsasən “seçki” qalibi elan
edildi. “Seçki”dən sonra xüsusilə diqqət çəkən bir neçə məqamı qeyd etmək yerinə
düşər.
Birincisi; Müxalifətin əsas hissəsi və cəmiyyətin sağlam kəsiminin
əksəriyyəti iqtidarın təklif etdiyi aşağılayıcı müstəvidə oynamaqdan nəhayət imtina
etdi. Hakimiyyət ənənəvi olaraq öz müstəvisində qarşısında görmək və əzmək istədiyi
müxalifəti o müstəviyə çəkə bilmədi. Boykot qərarı verən müxalifət ilk dəfədir
ki, “seçki”dən əzilməmiş çıxdı. Müxalifət düşərgəsində məyusluq və məğlubiyyət
psixologiyasından əsər-əlamət yoxdur. Əksinə, hakimiyyət və ona yaxın qüvvələrin
seçki sonuclarını qələbə kimi qəbul etməməsi, narazılıqlar və tərüddüdlər
açıq-aşkar sezilməkdədir.
İkincisi; Hakimiyyət bu “seçki” prosesində “müxalifətin”
xidmətinə zərurət hiss etmədi. Çünki, gerçək müxalifətin əsas hissəsinin
“seçki”də iştirak etməməsi və beynəlxalq ictimaiyyətin seçki öncəsi sərgilədiyi
mövqeyi “müxalifətə” təlabatı minimuma endirdi. Adətən hakimiyyət daha çox gerçək
müxalifətin gücünü zəiflətmək, cəmiyyəti çaşdırmaq və beynəlxalq ictimaiyyətə təqdimat
üçün seçki prosesində “müxalifətin” sərhədlərini genişləndirməkdə maraqlı
olurdu. Bu dəfə yaranmış şəraitə uyğun yeni yanaşma sərgiləndi və “seçki”də
müxalifət imitasiyasına ehtiyac olmadı.
Üçüncüsü; Əksəriyyət iddialı, mübariz, cəsarətli və sosial
bazası olan insanların namizəd olmadığı "seçki"də də hakimiyyət total
saxtakarlığa məcbur oldu. "Seçki"də iştirak edən və seçiləcəyi təqdirdə
hakimiyyət üçün heç bir problem yaratmayacaq az bir qism şəxsə də azad seçki ilə
qalib gəlməyin mümkün olmadığını nümayiş etdirdi. Nə normal kampaniya üçün şərait
yaradıldı nə də azad səsvermə təşkil edildi. İqtidar siyasətinə loyal olan, nəticəsiz
olsa belə dialoq tamaşasında müxalifət adına iştirak edən şəxsləri və təşkilatları
da narazı salmaqdan qətiyyən narahatlıq keçirmədi. Toplum birmənalı olaraq
gördü ki, iqtidar hətta müxalifətsiz seçkini belə uduzdu.
Dördüncüsü; Müxalifətin və müstəqil şəxslərin “seçki”də sonadək
iştirak edən hissəsi prosesdən heç nə qazana bilmədi. Cəmiyyətin diqqətini çəkmək,
seçicini maraqlandırmaq, hərəkətə gətirmək tezisləri və resursları çox zəif idi.
Bir tərəfdən “seçki”ni boykot edənlərin tənqidi, bir tərəfdən cəmiyyətin
“seçkiyə” ironik və laqeyd münasibəti, digər tərəfdən isə iqtidarın müəyyən
etdiyi oyun qaydası onları daha da çətin duruma saldı. Bu iştirakçılar nə özləri
qazandı, nə də topluma qazandıra bildi.
Beşincisi; Seçki saxtakarlıqları və qanun pozuntuları ilə
bağlı elə bir yenilik ortaya çıxmadı ki, öncəki seçkilərdə onun baş verdiyini
müşahidə etməyək. Faktiki olaraq saxtakarlığın miqyası və mahiyyəti namizədlərin
özü və ətrafından başqa heç kəsə maraqlı olmadı. Əsasən öncəki “seçki”lərdə
qarşılaşdığımız halların təkrarı baş verdi. Cəmiyyəti təəcübləndirə biləcək,
siyasi nəticə yaradacaq heç bir mühüm əhəmiyyət kəsb edən yeni nə isə baş vermədi.
Sosial şəbəkələrin və sosial medianın imkanları öncəki illərlə müqayisədə
genişləndiyi üçün faktlar nisbətən geniş auditoriyaya yayıla bildi. Elə bu
biabırçılıqların təkrarlanacağını əsas tutan müxalif siyasi qurumlar və xeyli
müstəqil insanlar seçkiləri haqlı olaraq öncədən boykot etmişdilər.
Altıncısı; Hakimiyyət hər zaman parlamentdə müxalif fikrin
ifadəsi üçün kiçik də olsa bir platforma nəzərdə tuturdu. Ora “seçilən” şəxslərin
cəmiyyətə müxalifət kimi təqdimatına hər cür şərait yaratmaqla yanaşı, təmsil
olunduqları partiyalara da əngəl törədilmirdi. Hətta, real müxalifətçilərin bu
platformada toplaşmasına və fəal fəaliyyətinə maraq da göstərilirdi. Artıq öz
siyasətinin sərhədlərini dəqiqləşdirən hakimiyyət parlamentdə “müxalifətçi”
imitasiyasına ehtiyac olmadığını da nümayiş etdirdi. İndi iqtidara parlamentdən
kənarada “müxalifət” daha çox lazım olacaq.
Hüquqları pozulmuş namizədlər və
partiyalar birgə addım ata bilərmi?
Adətən hər
parlament seçkisindən öncə və ya sonra müxtəlif adlar altında belə qurumlar
yaradılıb. 2010-cu ilin parlament seçkilərindən sonra İctimai Palatanın
timsalında da göründü ki, pozulmuş hüquqların bərpası və demokratik seçkiyə
nail olunması istiqamətində bu praktika özünü doğrultmur. Seçki sonuclarının dəyişdirilməsi
ilə bağlı müxalifətin ortaya qoyduğu istənilən kollektiv fəaliyyət ciddi nəticəyə
nail ola bilməyib. Müstəqil məhkəmələrin olmaması ucbatından ədalətli hüquqi nəticələrin
alinması və cəmiyyətin passivliyindən doğan kütləvi-siyasi prossesin yaranması
mümkün olmayıb. İndiki durum isə öncəkilərdən daha da əlverişsizdir. Belə ki, hökumətə
müqavimət göstərməyə qadir olan əsas iddialı siyasi təşkilatlar seçkiyə start
verilməmiş və ya səsvermə gününə qədər onu boykot ediblər. Görünən budur ki,
onlar seçki saxtakarlığı ilə mübarizə istiqamətdə heç bir təşəbbüsə dəstək verməyəcəklər.
“Seçki”də sona qədər iştirak edib, uduzan şəxslərin və qurumların isə belə bir
addım atmaq imkanları yox səviyyəsindədir. Ola bilər ki, hansısa fərdi və ya
kollektiv təşəbbüslər olsun, lakin bunlar nə cəmiyyətin nə də beynəlxalq aləmin
diqqətini çəkəcək gücdə olmayacaq. Ümumiyyətlə, seçkidə sona qədər iştirak edib
uduzan tərəflərin saxtakarlıqlara qarşı çoxsaylı şikayətlərinin olacağını və samballı
siyasi qurum yaradacaqlarını istisna edirik.
Beynəlxalq təşkilatların “seçki”də
uduzan tərflərlə əməkdaşlıq perspektivləri varmı?
Nüfuzlu
beynəlxalq qurumlar seçki ilə bağlı indiyə kimi etmədikləri aydın və prinsipial
mövqe ifadə ediblər. Faktiki olaraq seçki öncəsi bəyan edildi ki, bu seçkini
müşahidə etməyə gərək qalmayıb. Hər şey öncədən bəllidir. Hökumət öhdəliklərini
yerinə yetirməkdən imtina edib və demokratik seçki keçirmək niyyəti yoxdur. “Seçki”dən
sonra da ifadə olunan mövqe onu göstərdi ki, öncəki yanaşma davam edir. Odur
ki, beynəlxalq təşkilatları hansısa seçki saxtakarlığı ilə bağlı təəcübləndirmək
mümkün deyil. Onların hansısa siyasi-təşkilati təşəbbüslərə dəstək verəcəyini də
real saymırıq.
Təkrar seçki reallaşa bilərmi?
Faktiki
olaraq müxalifətin və cəmiyyətin tamamilə boykot etdiyi bir “seçki” keçirildi. Boykota
səbəb seçki komissiyalarının tərkibi və formatı, seçki qanunvericiliyinin təkmilləşməməsi,
hakimiyyətin seçkiyə və müxalif siyasi partiyalara münasibəti olub. Hökumət seçki
ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsə, aydın siyasi iradə nümayiş
etdirməsə, qanunvericiliyi dəyişməsə, siyasi məhbusları azad etməsə yeni seçki
keçirilməsi tələbi tamamilə mənasızdır. Müxalifətin demokratik seçki uğrunda
mübarizə aparması məntiqli görünsə də, bunun indiki məqamda edilməsi əhəmiyyətsizdir.
Azad seçki təkcə siyasi müxalifətin problemi deyil. Bu bütövlükdə cəmiyyətin
problemidir. Saxta seçkidən bəlkə də ən az zərər çəkən elə müxalifət olacaq. İqtidarı
dəstəkləyən tərəflər və sadə xalq saxta seçkinin daha amansız zərbələrini
alacaq. Müxalifət bütün çətinliklərə, repressiyalara baxmayaraq müxtəlif
üsullarla və bəzən ən sərt formada da tənqidlərini davam etdirə bilir. Cəmiyyətə
zəruri mesajlarını verir və yol göstərir. Təsadüfi deyil ki, həbsxanalar ifadə
azadlığından istifadə edən müxalif siyasi məhbuslarla doludur. İndiki halda ən
yaxşı imkanlardan biri hər kəsi qane edəcək demokratik seçki keçirmək olardı. Lakin,
bu sütuasiyada hökumət səhv siyasətinə düzəliş edərək təkrar seçki keçirməyə
qadir deyil.
Elan edilən hansısa nəticələrin
dəyişdirilməsi realdırmı?
Kütləvi
seçki saxtakarlıqlarının qeydə alındığı hansısa komissiyanın sonuclarının dəyişdiriləcəyini
güman etmirik. Parlamentin tərkibinin belə formalaşması iqtidarın siyasi iradəsinin
təzahürüdür. Hakimiyyətin heç bir pilləsində bu iradəni dəyişəcək güc mövcud
deyil. Düşünürük ki, seçki sonuclarından narazı qalanların öz iddialarından
geri durması çox çəkməyəcək. Öncəki illərin təcrübəsini və iqtidarın yanaşmasını
analiz etsək aydın olur ki, heç bir nəticə təsadüfi deyil.
Müxalifət bir daha seçkilərə
hazırlaşmamalıdır.
Hakimiyyətin
müəyyən etdiyi bu “aşağılayıcı müstəvi”də seçicinin önünə çıxmaq və ondan səs
istəmək yumşaq desək vətəndaşları siyasətdən iyrəndirir. Gerçəkdən müxalifət
olduqlarını iddia edən qüvvələr iqtidarın "seçki" müstəvisindən tamamilə imtina
etməlidir. Heç bir normal siyasi təfəkkürü olan insan iddia edə bilməz ki,
indiyədək keçirilən “seçki” cəmiyyətə müsbət nə isə verə bilib. Müxalifətin əsas
hissəsi anlayır ki, təklif olunan bu siyasi müstəvidə iqtidarın hansısa rəqibinin
qalib olması mümkünsüzdür. Artıq hər kəsə bəllidir ki, “seçki”də seçicilərin
iradəsi ilə mandat qazanmaq mümkün deyil. Müxalifətin bütün seçkiləri uduzması
ilə bağlı elan edilən rəsmi nəticələri haqlı olaraq cəmiyyət qəbul etmir. Ölkə
və beynəlxalq ictimaiyyətin bütün sağlam kəsimi bunu nə müxalifətin məğlubiyyəti,
nə hazırlıqsızlığı, nə də seçici dəstəyinin olmaması kimi qəbul edir. Odur ki,
indiki sosial-siyasi konyukturada müxalifətin bir daha seçkilərə hazırlaşması mənasızdır.
Müxalifət məncə bundan sonrakı fəaliyyətini onun üzərində qurmalıdır ki, ölkədə
seçki yoxdur. Savadlı və siyasi təfəkkürü olan bütün vətəndaşlar bilir ki, seçkiləri
saxtalaşdırmaqla qalib olmaq iqtidar siyasətinin öncəliyinə çevrilib. Hakimiyyətin aydın siyasi iradəsi ifadə
olunmasa və mütərəqqi qanunvericilik qəbul edilməsə “seçki”lərə hazırlaşmaq
iqtidarın ömrünü uzatmağa xidmət edən siyasi davranışdır.
Zorakı iqtidarla təşkilatlanmamış zəif
cəmiyyətin üz-üzə qalmasına müxalifət əngəl olmamalıdır.
Fikrimizcə
siyasi fəaliyyətin yeni müstəvisi üçün geniş təbliğat tezisləri və fəaliyyət
strategiyası işlənib hazırlanmalıdır. Müxalif blokların, ictimai-siyasi birliklərin
yaradılması və kütləvi aksiyaların keçirilməsi bir müddət mütləq təxirə salınmalıdır.
Müxalifət elə bir siyasət yürütməlidir ki, hakimiyyətlə cəmiyyətin üz-üzə qalmasına
əngəl olmasın. Müxalifətin sosial tələblərlə bağlı təşkil etdiyi son kütləvi
aksiyalar onu göstərdi ki, hələlik cəmiyyət kütləvi etirazlara ciddi maraq göstərmir.
Hətta, bu aksiyalar birmənalı olaraq əhalinin maraqlarını təmin etməyə yönəlmiş
olsa belə onlardan dəstək gəlmir. Əhalidə həm qorxu, həm də tərəddüd var. Bəzən
bu psixoloji durumun ortadan qalxmamasında müxalifətin vaxtsız təşkil edilən
kütləvi aksiyalarının da rolu olur. Əksər əhali elə düşünür ki, bu vəzifə
müxalifətindir və yalnız onlar hərəkətdə olmalı və etiraz etməlidir. Xalqı bu
arxayınlıqdan qurtarmaq lazımdır. Xalqla hakimiyyət arasında bufer rolundan
imtina edilməlidir. Müxalif siyasi partiyalara hansı münasibəti göstərməsindən
asılı olmayaraq, iqtidarla kütləvi qarşılaşma təxirə salmalıdır. Bu
sosial-iqtisadi və siyasi şərtlər altında cəmiyyət ağır böhrana doğru gedir və hökumət
xalqın dəstəyini get-gedə daha da itirir. Sürətlə artan gərginliyin
yumşaldılması yönündə iqtidara dəstək ola biləcək tələsik və düşünülməmiş siyasətdən
çəkinmək lazımdır. Yəqin ki, bir müddət sonra hakimiyyət qondarma müxalifət
birlikləri yaradıb etirazçı rolunda meydanlara çıxarmağa cəhd edəcək. Gərginliyi
öz nəzarətində olan süni etirazçı müxalif obrazlı təşkilatlarla və şəxslərlə istiqamətləndirməyə
səy göstərəcək. Bu planın qarşısını almaq üçün indidən müxalifətin sərhədləri dəqiq
cızılmalı və çəkinmədən ardıcıl olaraq cəmiyyətə bəyan edilməlidir ki, digər təşkilatlar
hakimiyyətin siyasi orbitində olan peyklərdir. Hakimiyyət tərəfindən
hazırlanmış heç bir siyasi qurumun və siyasətçilərin davranışlarına,
çıxışlarına əhəmiyyət verilməməlidir. Cəmiyyətə mütəmadi olaraq onların “missiyası”
ilə bağlı mesaj ötürülməli, lakin onların özləri ilə qətiyyən ilgilənilməməlidir.
Onlara ciddi baş qoşduqca, cavab verdikcə cəmiyyətdə tərəddüd yaranır. Müxalifətin
əlində olan Azərbaycan Saatı, Azadlıq qəzeti kimi etibarlı və populyar tribunalardan
bu siyasi kurs dəstəklənməlidir.
Xalqın istənilən fərdi və kollektiv etirazlarına
siyasi dəstək ifadə edilməlidir.
Siyasət
meydanı daim hərəkətdədir və mütləq yeni siyasi sütuasiya doğuracaq. Dini
qurupların sürətlə təşkilatlanması və fəallaşması, iqtisadi böhranın dərinləşməsi,
beynəlxalq vəziyyətin iqtidarın əlehinə inkişaf etməsi, həmçinin toplumun dəstəyindən
məhrum olmaq yeni siyasətə yol açacaq. Xüsusilə nəzərə alınmalıdır ki, yaranmış
böhrandan çıxmaq üçün iqtidarın bütün cəhdlərinin ağır zərbəsi məhz xalqın üzərində
hiss ediləcək. Əminliklə deyə bilərik ki, siyasi dəyişikliyə cəmiyyəti qoşmanın
yolu açılır. Müxalifət birbaşa iqtidarla qarşılaşmadan yayınmalıdır. Nə
razılaşdırılmış, nə də razılaşdırılmamış kütləvi etiraz aksiyaları təşkil etməlidir.
Cəmiyyətdə baş verən istənilən kortəbii etiraza
kənardan dəstək ifadə etməlidir. İqtidarın sosial-siyasi vəziyyəti dəqiq analiz
etmədiyi və komandasının ciddi səhvlərə yol verdiyi aydın görünür. Yaşanacaq
ağır sosial-siyasi durumun amansız dalğasından cəmiyyəti az zərərlə çıxarmaq
üçün müxalifətlə səmimi əməkdaşlıq və demokratik seçki əvəzinə, saxta parlament
seçkisi ilə durumu daha da mürəkkəbləşdirdilər. Təəssüf ki, hökumət qəbul etmək
istəmir ki, cəmiyyətin bütün sosial qrupları onların bu davranışlarından narazıdır.
Görünən budur ki, iqtidar dövlətin bütün resurslarını xalqın itaətdə
saxlanılmasına səfərbər edəcək. Proseslər onu göstərir ki, bu siyasətin ikinci
dalğası reallaşdıqca iqtidarın sürprizlər yaşaması ehtimalı artır. Məhz bu
sütuasiyada iqtidar ciddi seçim qarşısında qala bilər. Ya özü müxalifətlə gerçək
dialoqa cəhd edəcək və yeni əlverişli müstəvi təklif etmək məcburiyyətində
qalacaq, ya da cəmiyyətlə qarşıdurmaya gedərək daha böyük itkilərin müəllifi
olacaq. Siyasi proseslərin demokratik müstəvidə davam etməsi üçün təkliflərimizi
mütəmadi olaraq müzakirənizə təqdim etməyə çalışacağıq.
Hiç yorum yok:
Yorum Gönder