Əli Həsənovun
son məqaləsini yəqin oxumusunuz. Sizcə, bu məqalənin indiki durumda
yazılmasında məqsəd nədir? Bu yazının indi yazılması nədən xəbər verir?
Siyasi gündəmə aid olan mövzularda önəm verdiyim
dövlət, hökumət və müxalifət nümayəndələrinin çıxışlarını və yazılarını mütəmadi
izləyirəm. Əli Həsənovun da bu müsahibəsini oxumuşam.
Öncə qeyd edim ki, ölkədə siyasi proseslərin yüksəlməsi
prosesi müşahidə ediləndə, habelə hökumətin atacağı hansısa qeyri-siyasi
addımlarına öncədən təbliğati zəmin hazırlayarkən Ə.Həsənovun belə yazıları və
müsahibələri olur. Bu, ilk dəfə deyil.
Adətən hökumətin siyasəti ilə bağlı öncəlikləri,
narahatlıqları, qayğıları və üstünlükləri rəsmi şəkildə o ifadə edir. Onun
vasitəsi ilə hakimiyyətin real durumu və atacağı səsli-küylü addımlarla bağlı
ip ucları əldə edirik.
Eyni zamanda o, belə yazılarla həm ölkə ictimaiyyətinə
həm də ölkə rəhbərliyinə fəaliyyətdə olduğunu, işini icra etdiyini göstərməyə
çalışır.
Hazırda cəmiyyətdə
kifayət qədər sosial-psixoloji gərginlik var. Hakimiyyət daxilində də
narahatlıqlar və ziddiyyətlər müşahidə
olunur. Hakimiyyətin bir sıra məsələlərə yanaşmasında və qərarlarında yeni
çalarlar üzə çıxır. Hakimiyyət yerli, regional və beynəlxalq şərtlərin dəyişməsini
nəzərə alaraq ölkədaxili münasibətlər sistemini dəyişmək məcburiyyətindədir.
Ancaq hakimiyyətin daxilində belə dəyişikliklərə
hazır olmayan, ənənəvi konyunkturanın dağılmasına müqavimət göstərən şəxslərin
və qrupların mövcudluğu da istisna deyil. Bu müsahibədən belə qənaətə gəlmək
olar ki, Ə. Həsənov ölkədə iqtidar-müxalifət münasibətlərinin istiqamətini, məzmununu
və necə davam etməsini diqtə etməyə iddialı əsas şəxslərdən biridir.
Əli Həsənov
həmin məqaləsində daha çox AXCP sədri Əli Kərimlini hədəf götürüb. Niyə məhz
Əli Kərimli? Bu, Əli Kərimliyə müxalifət lideri kimi daha çox nifrət
edildiyinin göstəricisidir, yoxsa, əksinə, müxalifət lideri kimi yalnız Əli Kərimlini
işarə etdiklərinin?
Tamamilə haqlısınız, yazı əsasən Əli Kərimlini hədəf
götürüb. Doğrusu heç bu yanaşma da ilk deyil. Hakimiyyətin və ona yaxınlığı
şübhə doğurmayan media-təbliğat orqanlarının əsas hədəfi uzun müddətdir Ə.Kərimlidir. Hakimiyyətin Ə.Kərimliyə real
münasibəti istər pıçıltılı söhbətlərdə, istər qaranlıq dəhlizlərdə, istər
işıqlı zallarda və səs-küylü tribunalarda birmənalıdır. Onun fəaliyyəti
iqtidarı ən yüksək səviyyədə qıcıqlandırır, narahat edir və qəzəbləndirir.
Məncə əsas səbəb Ə.Kərimlinin öz fəaliyyətində
ardıcıllığı, cəmiyyətdə tərəfdarlarının çox olması, orta məmur təbəqəsinin ən
çox ona rəğbət bəsləməsi, təşkilatçılığı və beynəlxalq dəstəyə malik olmasıdır. Həmçinin tənqidlərinin sərtliyi və konkret hədəfli
olması da iqtidarın ona mənfi münasibətində rol oynayır. Təsadüfi deyil ki, bu gün onun rəhbərlik
etdiyi partiyanın yuxarı orqanlarında təmsil olunan əksər şəxslər həbsdədir. İstər
özü, istərsə də tərəfdarları ən ağır hüquqpozmalara məruz qalır. Adətən hökumətin
bütün əfv və amnistiya aktlarında AXCP-yə qarşı açıq ögey münasibət diqqət çəkir.
Hakimiyyətin xarakterini dəqiq bilən istənilən yetkin şəxs anlayır ki, müxalifət
məsələsində imitasiya siyasəti çoxdan bitib. Odur ki əsas müxalifəti ilə bağlı
hər kəsə açıq mesajlar verilir.
Əli Həsənov
deyir ki, Əli Kərimli Azərbaycanın Suriyaya çevrilməsini istəyir. Bu fikrə
münasibətiniz necədir? Bu təhdiddir, təbliğatdır, yoxsa, kimlərisə nədənsə
sığortalamaq istəyi? Yəni kiminsə günahlarını Əli Kərimlinin boynuna qoymaq istəyi?
Əli Kərimlinin müsahibələrini, çıxışlarını, fəaliyyətini
izləyən istənilən şəxs bilir ki, o, qanuni və dinc mübarizəyə ən sadiq qalan
siyasətçilərdəndir. Nə özü belə çağırışlar edir, nə də rəhbərlik etdiyi
partiyadan belə yanaşmalar olur. Odur ki administrasiya yetkilisinin nəyə əsaslanması
aydın deyil.
Ola bilər ki, hökumət onu və tərəfdarlarını belə bəyanatlarla
çəkindirmək, tərəddüd yartmaq, ümumi fəallığı zəiflətmək məqsədi güdür. Habelə, hakimiyyətin Ə.Kərimli ilə bağlı
hansısa növbəti qanunazidd planına təbliğati zəmin hazırlanması da mümkündür. Ona
bu şəkildə xəbərdarlıq edildiyini də istisna etmək olmaz.
Hakimiyyətə qarşı açıq şəkildə ixtişaşlara çağıran,
təhqir, nifrət və hədələrlə ictimai müzakirələrə daxil olan şəxslərin özləri və
yaxınları təqib olunmadğı halda, nədənsə Ə.Kərimlinin qanuna söykənən çıxışları
və fəaliyyəti hökumətin ən sərt müdaxiləsi ilə üzləşir.
Hakimiyyət-
xalq arasında açılım söhbətinin getdiyi bir məqamda belə məqalələrin yazılması
da birmənalı qarşılanmır. Bəziləri deyir ki, kimlərsə belə fikirlərlə xalqı
qıcıqlandırmaq istəyir. Və yaxud xalqa hədəf göstərir. Siz nə düşünürsünüz?
Hələ ölkədə heç bir ciddi açılımdan, islahatdan
danışmağa dəyməz. Bunun əlamətləri görünmür.
Ölkədə idarəetmənin xarakterindən qaynaqlanan hüquq böhranı, sosial-iqtisadi
çətinliklər, mənəvi-psixoloji aşınma mövcuddur. Bu problemləri aradan qaldırmaq
üçün iqtidar öncəki siyasətini köklü dəyişməlidir.
Son günlər hakimiyyətin atdığı bəzi addımlar cəmiyyətdə
müsbət qarşılanır. İqtidar-müxalifət və cəmiyyətiçi münasibətlərin normal məcrada
getməsinə ümid yaranıb.
Belə bir şəraitdə iqtidarın cəmiyyətə yönəlik
çıxışları pozitiv mahiyyət daşıyarsa, bu, ümumi işə faydalı olar. Xüsusi ilə də
nəzərə alsaq ki, indi cəmiyyətdə artan gərginlikdən ən çox iqtidar zərər çəkə
bilər, deməli, onların yanaşması daha yumşaq olmalıdır. Təəssüf ki hələ də bunun
əksi müşahidə olunur. Sanki hansısa səlahiyyət sahibləri gərginliyin davam etməsi
üçün çalışır.
Bu fikirlər
hakimiyyətdaxili qruplaşmalar arasındakı hansıa fikir ayrılıqlarının olduğundan
xəbər verir yoxsa, əksinə?
Hakimiyyət daxilində öncəki münasibətlər sistemi xeyli
pozulub. Bu, təkcə qruplaşmalar arasındakı fikir ayrılıqları ilə bağlı deyil.
Regionda gedən ziddiyyətli və mürəkkəb proseslər, xalqın güzəranının getdikcə
ağırlaşması, narazılığın və etirazların artması, gəlirlərin azalması, hakimiyyətin
gələcəyi ilə bağlı narahatlıqlar əsas rol oynayır.
Hətta xarici və daxili siyasətlə bağlı qeyri-müəyyənliklər
də diqqət çəkir. Amma bütün bunlar tezliklə hakimiyyət daxili irimiqyaslı
böhrana səbəb olacağı hələlik gözlənilmir.
Azərbaycanın
siyasi səhnəsində baş verənlər, eyni zamanda manipulyasiyalar əhali arasında
çaşqınlıqlar yaradır. İnsanlar kimin əsl müxalifət olduğunu ayırd etməkdə çətinlik
çəkirlər. Bu çaşqınlıqlar necə bitə bilər? Bu çaşqınlıqları necə aradan
qaldırmaq olar? Eyni zamanda İqtidar-müxalifət mübarizəsinin normal məcrada
getməsi üçün nə etmək lazımdır?
Ölkəmizin siyasi səhnəsində baş verən neqativlər anti-demokratik
idarəetmədən və pülüralizmin olmamasından qaynaqlanır. Cəmiyyətin siyasi səhnəsi
uzun müddətdir açıq fəaliyyətə qapalıdır. Proseslərin qanuni və siyasi vasitələrə
uyğun getməsinə süni əngəllər mövcuddur.
Odur ki cəmiyyətdə siyasi təfəkkür xeyli zəifləyib.
Ölkəmizdə demokratik seçkilər keçirilmədiyinə görə
klassik mənada iqtidar və müxalifət anlayışından danışmaq çətindir. Bir qrup
dövlətin resurslarını öz maraqlarına tabe etdirərək rejim yaradıb, digər
qrup isə bu rejimə qarşı mübarizə
aparır. Reallıq budur.
Hakimiyyəti əldə saxlamağa çalışan qüvvə cəmiyyətin
demokratikləşməsinə əngəl yaradır və demokratik seçkilərə imkan vermir. Bu
qanuna və hüquqa zidd yanaşmaya etiraz edən digər qüvvə isə müxalifətlik edir.
Nə qədər ki cəmiyyət özü dinc dəyişikliyə psixoloji
səfərbər olmayıb, siyasi qurumlar bu çaşqınlığı aradan qaldıra bilməyəcək. Cəmiyyəti
müxtəlif vasitələrlə dəyişikliyə hazırlamaq lazımdır. Cəmiyyətdəki bütün sosial
subyektlər, institutlar, fərdlər öz üzərinə düşən məsuliyyəti dərk etməsə, ölkədə
mənəvi, hüquqi, sosial, siyasi böhran dərinləşəcək. Azad seçki keçirməklə,
hüquqların təminatına nail olmaqla müsbət dəyişikliklərdən danışmaq mümkündür.
22 fevral 2019